Ermənistanın indiki Konstitusiyasında çoxlu problemlər var.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Vaaqn Aleksanyan deyib.
“Problemlərdən birincisi Konstitusiyanın legitimliyidir. O vaxtkı hakimiyyət orqanları istisna olmaqla, demək olar, Ermənistanın siyasi meydanında olanların hamısı həmişə qeyd edib ki, Konstitusiya referendumları pozuntularla keçirilib. Ona görə də, dəyişikliyin edilməsi heç bir halda Konstitusiyaya zidd ola bilməz, bu, qanunidir. Bizim qeyri-legitim Konstitusiya altında yaşamağımız artıq problemdir.
İkincisi, Konstitusiya ilə yanaşı, düşüncə tərzi və Ermənistanın dəyişdirilməsinə ehtiyac var”, - deputat bildirib.
Aleksanyan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistanın Müstəqillik Aktına istinadın yeni Konstitusiyadan çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala belə cavab verib:
“Bəli, bununla bağlı danışdığımız məqamlar var. Bu barədə ictimaiyyətlə açıq danışırıq. Ermənistana imperiyanın (SSRİ) süqutu ərəfəsində imperiyanın sifarişi ilə yazılmamış, Ermənistana xidmət edən, Ermənistanın altına mina basdırmayan və bir gün sifarişlə onu partlatmayan Konstitusiya lazımdır”.
Vaaqn Aleksanyan bundan əvvəl Ermənistanın bütün qonşu ölkələrə qarşı ərazi iddialarında olduğunu söyləyib. Onun sözlərinə görə, bu məntiqsiz düşüncə və iddialar Ermənistan üçün təhlükə mənbəyidir. Aleksanyan ermənilərin ərazi iddialarını “illər əvvəl yazılmış arzu” adlandırır.