Fransanın apardığı siyasət Cənubi Qafqazda sülhün qarşısını almağa hesablanıb.
Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.
“Fransanın məkri davam edir, ATƏT-in Minsk qrupundakı 30 illik təmsilçiliyi zamanı apardığı siyasətdən fərqli xətt yürütmür. Fransa Azərbaycan öz torpaqlarını azad etdikdən sonra da həmin mövqeyindən geri çəkilmir. Bunun arxasında Qafqaza soxulmaq cəhdi dayanır. Bunun üçün də Makron Paşinyan, Sərkisyan və Köçəryandan da daha çox ermənilik edir. Səbəb də, bəhanə də, nəticə də aydındır. Səbəb Ermənistanı özünün forpostuna çevirib Qafqaza girişini təmin etməkdir. Bəhanə “ermənilərin hüquqlarının müdafiəçisi” obrazında görünməkdir. Nəticə isə onun bütün planlarının alt-üst olacağıdır.
Ermənistanın özü belə rəsmi səviyyədə Qarabağı könüllü tərk edən ermənilərin qayıtmasını müzakirə etmir. Makron isə bunu təkrarlamaqdan usanmır. Bununla da Qafqazda dayanıqlı sülhə mane olur”, - ekspert bildirib.
Rəfail Becanov qeyd edib ki, Paşinyanın son Paris səfərindən sonra sülhə qarşı yeni təhlükə ocağı yandırmağa çalışırlar:
“Fransa Ermənistanı silahla təmin etmək öhdəliyi götürüb. Bu isə Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərindəki gərginliyin davam etdirilməsi cəhdidir. Fransanın apardığı siyasət Cənubi Qafqazda sülhün qarşısını almağa hesablanıb.
Ermənistan Fransanın əlində alət olmaqla, özünü regionda yenidən çətin duruma salır. Regional kommunikasiyalardan kənarda qalmaqla Fransa kimi ölkələrdən daha çox asılılığa düşür. Bununla da müstəqil dövlət imici olmayan Ermənistan həm də özünün siyasi təhlükəsizliyini təhlükəyə atır”.