Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir, bu kimi nikahların bağlanmasına mane olan halların sayı artırılır.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, hər bir xalq öz genefondunu qorumalıdır:
“Bu genefondu qorumaq üçün müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, bu qanun yerinə düşəcək. Amma onu mükəmməlləşdirmək lazımdır. Müzakirəyə verilən qanun layihəsində ancaq “qadağandır” sözü yer alıb. Elə olmamlıdır ki, insanlar özləri üçün alternativlər yaratmalı olsunlar. Bu, yeni fəsadlara yol aça bilər. Düşünürəm ki, müzakirə olunun layihədə alternativlər verilməyib.
Razıyam ki, ilk dövrlərdə qanunsuz nikahların sayı çoxalacaq. Paralel olaraq maarifləndirici danışıqlar aparılmalıdır. Əsas məsələ insanları qohum nikahların fəsadlarına inandırmaqdır. Əks halda qanunsuz nikahlar çoxalacaq. Təklif edirəm ki, nikaha girən şəxslərə bir ay müddət verilsin. Həmin müddət ərzində mütəxəssislərlə görüşlər təşkil edilsin. Bu, qanunsuz nikahların sayının azalmasına təsir göstərə bilər.
Əgər şəxslər bir-birlərini doğurdan da sevirlərsə, bu sevgi qohumluğa görə qadağan edilirsə, bu da düzgün deyil. Bu, həmin şəxslərin seçim hüququnu məhdudlaşdırmaqdır. Nikaha girmək üçün müraciət edən qohum şəxslərlə görüşlər keçirilməlidir”.
Mehriba Zeynalova təklif edir ki, pulsuz psixoloji, maarifləndirici dəstək , həkim müayinələri təşkil edilsin:
“Bu zaman nikaha girənlər özləri seçim etməlidirlər və anlamalıdırlar ki, atdıqları addım gələcək uşaqları üçün hansı fəsadlar yarada bilər.
İnsanlar alternativ olaraq qanunsuz nikahı seçəcəklərsə, yenidən başlayacağıq qanuna dəyişikliklərlə bağlı müzakirələrə. Qanun özü alternativləri təklif etməlidir. Hər şəxs öz həyatı ilə bağlı özü qərar verməlidir”.