22 İyun 21:29
3 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinə üzvlüklə bağlı referendum Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu revanşist Respublikaçı Partiyası sədrinin müavini Edurad Şarmazanov deyib.

“Nikol və komandası sərhədlərin müəyyənləşdirilməsi və Avropaya inteqrasiya ilə bağlı referendum adı altında Ermənistan konstitusiyasını dəyişdirərək Azərbaycanın tələbini reallaşdırmağa çalışacaq.

Nikol Ermənistan vətəndaşlarının 100 faizinin AB-yə daxil olmaq üçün səs verməsini istəyir. Amma AB-də bir nəfər belə Ermənistanı gözləmir. Əslində, referendum ideyası Ermənistanın azərbaycanlılaşdırılması proqramıdır”, - siyasətçi bildirib.

Şarmazanov qeyd edib ki, Paşinyan hökuməti bu referendumla konstitusiyanı dəyişdirəcək, Ağrı dağı təsvirini gerbdən və Əliyevin tələbi olan müstəqillik aktına istinadı konstitusiyadan çıxaracaq.

Ermənistan konstitusiyasında istinad edilən müstəqillik aktında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı bəyan edib ki, imzalanacaq sülh müqaviləsinin dayanıqlılığı üçün bu istinad konstitusiyadan çıxarılmalıdır, yəni hər iki ölkəyə əsassız ərazi iddialarından imtina edilməlidir.

Qeyd edək ki, Respublikaçı Partiyasının sədri Ermənistanın sabiq prezidenti və baş naziri, hərbi cinayətkar Serj Sərkisyandır.


Müəllif: Mənsur Rəğbətoğlu