9 İyul 22:17
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“ABŞ Azərbaycan və Ermənistanı NATO-nun Vaşinqton sammitinə tərəfdaş kimi dəvət edib. Azərbaycan sammitdə xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Vaşinqtonun bu dəvəti Cənubi Qafqazda formalaşmış yeni reallıqları öz müstəvisinə çıxarmaq məqsədi daşıyır. Həmçinin sülh müqaviləsinin öz vasitəçiliyi ilə imzalanmasına çalışaraq, bölgədəki yerini gücləndirmək istəyir.

ABŞ çalışacaq ki, xarici işlər nazirlərinin görüşünü təşkil etsin. İndiyədək ABŞ-nin vasitəçiliyi ilə xarici işlər nazirlərinin bir neçə görüşü keçirilib, bu təmaslar tərəflər arasında etimadı müəyyən qədər gücləndirib. Amma indi bizim vasitəçiyə ehtiyacımız yoxdur. Bununla belə, sözləri yerə düşməsin deyə, görüşmək də olar, amma bu, heç nəyi dəyişməyəcək”, - ekspert qeyd edib.

Məhəmməd Əsədullazadənin fikrincə, xarici işlər nazirlərinin mümkün Vaşinqton görüşü baş tutsa, bu, razılaşdırılmış və hazırda müzakirə edilən məsələlər ətrafında olacaq:

“Bütün hallarda isə artıq hansısa vasitəçinin təşəbbüsü ilə keçirilən görüşlərə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan danışıqları ikitərəfli formada aparır və kifayət qədər də effektlidir. Yəni bizim artıq nə ABŞ, nə Avropa Birliyi, nə də Rusiyanın vasitəçiliyinə ehtiyacımız var.

Hər bir mümkün vasitəçi çalışır ki, gələcək sülh müqaviləsində onun da marağı nəzərə alınsın. Hər birinin də məqsədi Cənubi Qafqazda özünə yer etmək və proseslərə müdaxilə imkanı əldə etməkdir. ABŞ-nin də, Rusiyanın da, Avropa Birliyinin də məqsədi budur. Bakı və İrəvan qərarını verib: yola vasitəçilərsiz davam edəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər