3 Mart 2015 16:41
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi, Britaniya parlamentinin üzvü Çarls Hendri, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqlə görüşüb.


Görüşdə nazir Əli Abbasov Azərbaycanla Böyük Britaniya arasında yeni müstəvidə uğurla davam edən tərəfdaşlığın iqtisadi istiqamətləri, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində daha da genişləndirilməsi üçün böyük potensialın olduğuna diqqət çəkib: “Ölkələrimiz arasında informasiya texnologiyaları, peyk sənayesinin inkişaf etdirilməsində qarşılıqlı maraq var. Böyük Britaniyanın ən böyük telekommunikasiya şirkəti “British Telecom”la qurulan əlaqələr uğurla davam etdirilir. Hazırda Azərbaycan bazarında Böyük Britaniyanın bir neçə yeni məsləhətçi şirkətli fəaliyyətə başlayıb”.


Çarls Hendrinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında" Anlaşma Memorandumunun imzalanmasını yüksək dəyərləndirən nazir əlaqələrin daha da gücləndirilməsinə xidmət edən bu sənədin informasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib.

Azərbaycanla qurulan əlaqələrin inkişafından məmnunluq ifadə edən Çarls Hendri də sözügedən memorandumun müştərək əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini, eyni zamanda sənəddə əməkdaşlığın əsas hissəsini İT sahəsinin təşkil edəcəyini nəzərə çatdırıb.

Böyük Britaniyanın peyk layihələrində iştirakı, xüsusən "Inmarsat" peyk şirkətinin fəaliyyəti haqda məlumat verən elçi Azərbaycanla peyk sənayesində birgə layihələrə maraq göstərdiklərini vurğulayıb.

Əlaqələrin dərinləşməsində əsaslı platforma rolunu oynayan "Bakutel"- Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransından da danışan Hendri sayca 20-ci sərgidə Böyük Britaniyanın 7-dən artıq şirkətinin iştirak etdiyini, növbəti sərgilərə isə daha çox qurumların çəlb ediləcəyini qeyd edib.


Görüşdə qarşılıqlı maraq yaradan digər fəaliyyət sahələri ətrafında da fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək istiqamətləri üzrə perspektiv planlar müzakirə edilib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər