«XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri» mövzusunda VIII Beynəlxalq elmi-praktik konfransın işində iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Başqırdıstan Respublikasının başçısı Rüstəm Həmitovla görüşüb. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir vaxtda şeyxülislam A. Paşazadə kimi müdrik insanların təcrübə və biliyinə xüsusən böyük ehtiyac olduğunu bildirən R.Həmitov Rusiyanın Baş Müftisi Talqat Tacuddin və Şeyxülislam A. Paşazadə kimi dəyərli dini liderlərin mövcudluğunu Allahın lütfü kimi dəyərləndirib. R.Həmitov dini maarifləndirmə, gənclərin ənənəvi dəyərlər işığında tərbiyələndirilməsi kimi böyük elm və səbr tələb edən sahədə dini liderlərin rolunu yüksək qiymətləndirib.
Ufa konfransını önəmi qeyd edən respublika başçısı Başqırdıstanda dini-mənəvi sahədə görülən işlər barədə QMİ sədrinə ətraflı məlumat verib.
R. Həmitov bidirib ki, Azərbaycanla Başqırdıstan arasında iqtisadi və mədəni-mənəvi sahələrdə əlaqələrin səviyyəsindən razıdır və bu münasibətlərin daha da inkişaf etməsi istəyindədir. O, ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər etmək və qardaşı İlham Əliyevlə görüşmək və ölkəmizin uğurları ilə yaxından tanış olmaq niyyətini bildirib. Respublika rəhbəri Başqırdıstanın çox vaxt ikinci Bakı adlandırılmasına toxunaraq, azərbaycanlı neft mütəxəssislərinin Başqırdıstanın neft sənayesinin yaradılması və inkişafında önəmli rolunu minnətdarlıqla xatırlayıb.
Görüşdə iştirak edən Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri Baş Müfti Talqat Tacuddin 35 ildən artıq müddət ərzində yaxından tanıdığı, təhsil illərindən dost, qardaş olduğu, dini liderlər olaraq səmərəli əməkdaşlıq etdiyi A. Paşazadə haqqında xoş xatiratlarını Başqırdıstan rəhbərinin diqqətinə çatdırıb. O, şeyxülislamın təkcə Azərbaycan, Qafqaz deyil, MDB dindarlarının dini lideri olduğunu xüsusi vurğulayaraq, onun gördüyü işlərin, dəyərli təşəbbüslərin nə qədər böyük əhəmiyyət kəsb etdiyinə diqqəti çəkib.
Ufa torpağına böyük məmnuniyyətlə gəldiyini deyən QMİ sədri önəmli konfransın işindən, müzakirə olunan məsələlərin aktuallığından rəğbətlə söhbət açıb. Baş Müfti Talqat Tacuddinin Başqırdıstandakı fəaliyyətini yüksək dəyərləndirdiyini bildirən A.Paşazadə onun təkcə Rusiya deyil, dünya müsəlmanlarının önəmli şəxsiyyəti, nümunəvi din xadimi olduğunu bildirib.
Şeyxülislam xüsusi vurğulayıb ki, Ufada yaşayan azərbaycanlılarla görüşləri zamanı diaspora üzvləri respublika rəhbərliyindən razılıq edib, həyat və fəaliyyətlərindən məmnunluq ifadə ediblər.
Görüşün sonunda A.Paşazadə R.Həmitova Qurani-Kərim və Bakını vəsf edən tablo hədiyyə edib. Baqşırdıstan rəhbəri, öz növbəsində, xüsusi xatirə hədiyyəsini QMİ sədrinə təqdim edib.
BƏXTİYAR