1 Fevral 2016 12:16
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birliyin üzvləri sədri onlara ayrılan torpağı satmaqda günahlandırır

Əfqanıstan Veteranları İctimai Birliyinə Suraxanı rayonu, Bahar qəsəbəsində 10 ha 35 sot torpaq sahəsi ayrılıb. Birliyin bəzi üzvləri isə iddia edirlər ki, qurumun rəhbəri Məhəmməd Vəliyev həmin torpaqları satıb. Əfqanıstan vetereanları hüquqlarının kobud şəkildə pozulmasından şikayətçidirlər.

Birliyin üzvü olan veteran Arif Əsgərov deyir ki, Suraxanı rayonu, Bahar qəsəbəsində ayrılan torpaq sahəsini cəmiyyətin sədri Məhəmməd Vəliyev əfqan veteranlara vermək əvəzinə, aidiyyatı olmayan şəxslərə satıb: “Məhəmməd Vəliyev torpağın hər sotunu 8-10 min dollara satıb. Halbuki Prezident həmin torpağın veteranlara pulsuz verilməsi barədə sərəncam imzalayıb. Biz 2010-cu ildə bildirdik ki, torpaqlarımız verilsin, amma verilmədi. Nəriman Rayonu İcra Hakimiyyətinə müraciət etdik. Onda öyrəndik ki, dövlət tətəfindən bizim veteranlara Nizami rayonunda 66 sot, Hövsanda isə 10 ha 35 sot torpaq sahəsi ayrılıb. İcra Hakimiyyəti Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə bu haqda məktub göndərdi. Məhəmməd Vəliyev isə inadla deyirdi ki, belə şey yoxdur. Həmin ərazi “Araz” firmasının olub. Bundan sonra biz Torpaq və Xəritəçəkmə Komitəsindən həmin ərazilər üçün sənəd aldıq ki, bu torpaq sahəsi Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə verilib. Həmin sənədi götürüb Məhəmməd Vəliyevin yanına getdik. Dedik ki, bu torpaqlar veteranlara paylanılmalıdır. Onlar torpağı bizə verəndə 3000 manat rüşvət istədilər. Mən həmin pulu vermək istəmədim. Digər veteran Müşfiq Məmmədovdan 2000 manat istəmişdilər, amma o pulu vermədiyi üçün torpağı başqasına verdilər. Məndə də qorxub, pulu ödədim və mənə torpaq verdi. Torpağı alandan sonra Birlikdən bildirdilər ki, daha 720 manat pul ödəməlisən”.

“Niyə bu barədə əvvəllər şikayət etməmisiz” sualına cavabında isə Arif Əsgərov deyib ki, buna Birliyin üzvlərinin şikayətinə baxılmaması səbəb olub: “Şikayət edilmişdi. Gəldilər yoxladılar, həmin vaxt hələ bizə torpaq ayrılmamışdı, ancaq yerini göstərmişdilər. Soruşdular ki, sizdən pul alıblarmı? Dedik, xeyr, hələ nə torpaq almışıq, nə də pul vermişik. Bunlar öz işlərini düzüb-qoşdular, ondan sonra başladılar torpaqları satmağa. Dedilər ki, bizim xərcimiz çıxıb. Bizə verilən torpaqları Məhəmməd Vəliyevin bibisi oğlunun Qara Qarayev metrosunun yaxınlığında torpaq alqı-satqısı ofisində satırlar. Orada elan verilir, torpaq satılır və deyirlər ki, gedin bir əfqan veteranı tapın, torpağı onun adına keçirək. Və beləcə torpaqlar satılır. Əfqan döyüşçülərinin çox az qisminə Suraxanı rayonu, Bahar qəsəbəsinin yaşayış üçün yarasız olan hissəsindəki bataqlıqdan yer verilib”.

2006-ci ildən Əfqan veteranlar Birliyinin üzvi olan Aydın Vəliyev isə deyir ki, 2010-cu ildə onu aparıb torpağı göstəriblər və bildiriblər ki, hər sotu 2500 manatdan verilir: “Mənə dedi ki, istəyirsən 6 sot pay torpağ verim. Mən də bildiridim ki, mənim torpağımı mənə satırsan? Bu torpaq mənə verilibsə, siz bu torpağı mənə verməlisiz. Dedilər ki, hər sotun qiyməti budur. Pulunuz varsa, lap 20 sot alın. Bizdə elə uşaqlar var ki, 6 sot torpaq alıb. Amma bu, rüşvətsiz mümkün olmayıb. O vaxtdan indiyədək nə torpağımı ala bilmişəm, nə də bir məlumat verirlər. Məhəmməd Vəliyev dedi ki, hara gedirsən get şikayət elə”.

Əfqan Veteranlar Birliyinin üzvi olan Hüseyn Allahyarov da deyir ki, o, torpağı pulla alıb: “Biz torpaqları almaq istəyəndə Məhəmməd Vəliyev dedi ki, pul verib almalısınız. Odur ki, məcburiyyət qarşısında qalıb Məhəmməd Vəliyevin istədiyi məbləği verdik . 6 sota 6500 pul verib torpaq almışam. Torpağın hər sotuna bələdiyyəyə 420 manat pul ödəmişəm. Halbuki o torpaqlar bizə pulsuz verilməlidir”.

Birlik üzvləri məsələ ilə bağlı şikayət edəcəklərini bildirdilər: “Məhəmməd Vəliyev 11 ildir Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri olub, amma onu biz seçməmişik. Hazırda 8 mindən çox əfqan veteranı var. Onların heç biri Məhəmməd Vəliyevi qəbul etmir. Məhəmməd Vəliyev özündən əvvəlki sədr Məmməd İsgəndərovu şərləyib tutdurdu ki, guya, o, veteranlara ayrılan torpaq sahəsini satıb mənimsəyib. Onu 4 maddə ilə tutdurdu ki, özü daha çox qazansın. Məhəmməd Vəliyev sədr postuna sahibləndikdən sonra bunun işi ancaq torpaq satmaq olub. Ondan veteranlar dəfələrlə şikayət edib. Sabunçu, Nəsimi, Nizami rayonlarında məhkəmələr olub. Sədr olduğu 11 il ərzində Məhəmməd Vəliyev veteranların hüquqlarını pozub, onlara ayrılan yardımları mənimsəyib, ən çətin durumda olan veteranlara belə maddi yardım göstərməyib. Onun vicdanı olsaydı, iki gözünü döyüşdə itirmiş əlil-veteranın torpağını mənimsəyib satmazdı”.

Məsələ ilə bağlı Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevlə də əlaqə saxladıq. Onun sözlərinə görə, prokurorluq orqanı tərəfindən məsələ araşdırılıb və lazımı qiymət verilib: “Məsələ bu gün də araşdırılır. Birlik üzvlərinin dediklərinin heç biri həqiqətə uyğun deyil. Mən onlara bu torpağı almaq üçün pul ödədiyimi deməmişəm. Heç kim bu sözü dediyimi iddia edə bilməz. Torpaqlar mən sədr olana kimi ayrılıb. Lazımı qaydada yalnız Əfqan veteranlarına torpaqlar paylanılıb. Həmin torpaqlar 2009-cu ildə paylanıb bitib. Üstündən 7 il keçəndən sonra torpaq davası edirlər. Bir sözlə, qərəzli mövqe tuturlar. Prokurorluq orqanı tərəfindən şikayətin araşdırılmasını nə zaman bitirəcəyi haqqında məlumatım yoxdur”.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər