Ağdam rayon icra hakimiyyəti Ermənistan hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində dəyən ziyanı açıqlayıb.
Ağdam rayon icra başçısının köməkçisi Eldəniz Abdullayev Teleqraf.com-a açıqlamasında bildirib ki, erməni silahlı birləşmələri tərəfindən aprelin 27-də saat 22:00 radələrində başlayan hücum bu gün səhər 6:00-adək davam edib.
Onun sözlərinə görə, sərhədyanı kəndlərimiz qrad, tank, toplardan artilleriya atəşinə tutulub, Çəmənli, Əfətli, Qaradağlı, Zəngişalı kəndlərinə müntəzəm olaraq atəş açılıb: “Atəş nəticəsində 1966-cı il təvəllüdlü Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu həlak olub, 7 nəfər yaralanıb. Qəlpə yarası alan 2 nəfərin vəziyyəti daha ağırdır, digər 5 nəfərin vəziyyəti stabildir. 1 nəfər isə kontuziya alıb.
Həmin şəxs hazırda həkim nəzarətindədir. Əfətli kəndində 21 evə ziyan dəyib, ondan 2-si tamamilə dağılıb. “Qaramal” fermer təssərüfatının 11 baş inəyi məhv edilib, 19 baş inək yaralanıb. Çəmənli kəndi ərazisində 3 ev ziyan çəkib, onlardan biri dağılıb, 1 avtomobil tamamilə yararsız hala düşüb, 1 at və 1 inək məhv olub. Qaradağlı kəndi ərazisində 36 evə ziyan dəyib, onlardan 5-i ev dağılıb. Zərgişalı kəndi ərazisində 16 ev zərər görüb, 2 ev və 1 mağaza binası dağıdılıb. Hazırda rayonumuzda Fövqəladə Hallar Komissiyası tərəfindən bu faktlar araşdırılır, ola bilsin bu rəqəmlər dəyişsin”.
Eldəniz Abdullayev deyib ki, icra başçısı Raqub Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti ilə görüşüb araşdırmalar aparır.
O, ermənilərin hücumu nəticəsində həlak olan mülki şəxs Famil Mustafayevin artıq torpağa tapşırıldığını qeyd edib:
“Adət və ənənə ilə şəhidimiz dəfn olundu, dəfndə iştirak etdik. Hazırda rayon camaatında yüksək əhval-ruhiyyə var. İnsanlar deyir ki, bizə silah verin, torpaqlarımızı azad edək, bu şəraitdə yaşamaq istəmirlər”.
İcra başçısının köməkçisi təhsil müəssisələrinə də zərər dəydiyini bildirib. O xatırladıb ki, aprelin 2-də düşmənin atəşkəsi pozması nəticəsində atdıqları mərmi Sarıcalı kənd orta məktəbinin düz ortasına düşüb: “Artıq həmin məktəbdə bərpa işləri gedir”.
Nərgiz