Bakıda Nərimanov rayon 5 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib.
Həkim Mehriban Cəfərova 2019-cu il təvəllüdlü Mirbəhram Mirqulam oğlu Vəkillin dişini çəkərkən azyaşlının halı pisləşib, edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək olmayıb.
Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-a bildirilib ki, 1 iyul 2024-cü il tarixində günorta saatlarında 5 nömrəli Uşaq Stomatoloji Poliklinikasına 2019-cu il təvəllüdlü Mirbəhram Mirqulam oğlu Vəkili hər iki valideyni ilə birgə müraciət edib.
Müvafiq müayinələrdən sonra ona tibbi xidmət göstərilib, uşaqda yuxarı azı dişinin periodontiti diaqnozu ilə dişin əməliyyatı həyata keçirilib.
Azyaşlı dişin ekstraksiyası sonrası anafilaktik şok keçirib. Ona tibb müəssisəsində ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadası çağırılıb.
Lakin uşağın valideyni təcili tibbi yardım briqadasının gəlməsini gözləmədən uşağı yaxınlıqdakı bir neçə özəl klinikaya aparıb.
Qeyd edək ki, təcili tibbi yardım briqadası protokol üzrə çağırışdan 15 dəqiqə sonra tibb müəssisəsində olub.
Bir neçə özəl tibb müəssisəsi uşağı qəbul etməkdən imtina etdiyi üçün valideynləri onu Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə gətiriblər. Aparılmış reanimasiyon tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.
Ailənin bildirdiyinə görə, azyaşlıda ürək qüsuru və autizm xəstəliyi olub.