6 Mart 2015 15:50
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifətin bir hissəsində yenə də fikir ayrılığı yaranıb.

Bəzi partiyalar seçki bloku, bəzi partiyalar isə məşvərət məclisi ideyasını dəstəkləyir.

Bir müddət əvvəl Demokratiya və İnsan Hüquqları Mərkəzinin bazası əsasında “Azadlıq-2015" Seçki Bloku yaradılıb. Blokda təmsil olunmayan Müsavat, Ümid və ADP bu qurumu tərk etdiyini bəyan edib. Bununla da, adı çəkilən Mərkəzin fəaliyyətinə son verdiyi və onun bazasında səkkiz partiyanın seçki bloku yaratdığı bəlli olub.

Ancaq bu həftə maraqlı hadisə baş verib. Belə ki, martın 4-də səkkiz partiyanın birgə toplantısı keçirilib. Toplantıda məhbuslar problemi, iqtidarla siyasi partiyalar arasında keçirilən görüşün nəticələri və bu ilin iyununda Bakıda keçiriləcək I Avropa idman oyunları ətrafında yaranmış vəziyyət müzakirə edilib. Partiyalar dialoqun aparılmasını müsbət dəyərləndirsə də, bunun nəticəli olmasının vacibliyini ifadə ediblər.

Qəribə hal odur ki, sözügedən toplantı haqqında mətbuata KXCP məlumat verib. Məlumatda seçki blokunun deyil, Demokratiya və İnsan Hüquqları Mərkəzinin toplantısının keçirildiyi ifadə olunub.

Ancaq KXCP-nin mətbuata təqdim etdiyi rəsmi informasiya ilə bərabər Azadlıq Partiyasının sədri Əhməd Oruc sosial şəbəkələrdə bildirib ki, martın dördündə “Azadlıq-2015" Seçki Blokunun toplantısı keçirilib. Əhməd Oruc toplantıda hansı məsələlərin müzakirə edildiyini qeyd etməyib. Baş verənlər göstərir ki, burada təmsil olunan siyasi partiyalar seçki blokunun, yoxsa Demokratiya və İnsan Hüquqları Mərkəzinin toplantısını keçirdiyini dəqiq müəyyən edə bilməyib. Sadəcə, bir araya gələrək müəyyən məsələlər ətrafında müzakirələr aparıblar. Burada iştirak edən bəzi partiya nümayəndələrinin sözlərindən belə çıxır ki, artıq blokda fikir ayrılıqları yaranıb. Ona görə də, vəziyyəti yoluna qoymaq məqsədilə toplantının adını qoymadan müzakirələr təşkil edilir.

Əldə etdiyimiz məlumata görə, həm də bir çox partiya sədrləri toplantıya qatılmır, formal olaraq müavinlərini ora göndərirlər.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər