Bu gün Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Datuk Seri Ronald Kiandeenin başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclisdə keçirilən görüşlərdə ölkələrimizin qanunverici orqanlarının əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşdə Malayziya nümayəndə heyətinin bu səfərinin ölkələr və parlamentlərarası əlaqələrin inkişafına yeni təkan verəcəyi bildirilib. Milli Məclisin sədri Malayziya parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirib. Qeyd edib ki, bu qrup əlaqələrin inkişafında böyük rol oynayacaq. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əməkdaşlığın genişlənməsində mühüm rola malik olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycanın Malayziya ilə siyasi sahədə əlaqələri yüksək səviyyədədir. Bu günədək ölkələrimiz arasında yeddi sənəd imzalanıb, 18 sənəd isə imzalanma ərəfəsindədir. Bununla belə, iqtisadi sahədə müəyyən inkişaf tempi olsa da, ticarət dövriyyəmiz hər iki ölkənin potensialını tam əks etdirmir. Beynəlxalq təşkilatlarda da hər iki ölkənin həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı mövcuddur.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıqdan söz açan Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu sahədə geniş təcrübəyə malik olan Malayziya ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Azərbaycanın neft-qaz ölkəsi olduğunu deyən Oqtay Əsədov beynəlxalq layihələr sayılan TAP və TANAP barədə qonaqları məlumatlandırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Milli Məclisin sədri Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Bildirilib ki, dünyanın ondan çox ölkəsi, ABŞ-ın iyirmidən artıq ştatı bu soyqırımını tanımaqla bağlı sənədlər qəbul edib. Azərbaycan tərəfi istərdi ki, bu məsələyə Malayziya parlamenti də münasibət bildirsin.
Datuk Seri Ronald Kiandee ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan strateji cəhətdən əlverişli mövqedə yerləşir. Ölkə, xüsusən də paytaxt Bakı çox inkişaf edib. Burada insanlar çox qonaqpərvərdirlər.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.
Bəkir