19 Avqust 2016 15:05
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar dünya birjalarında neftin qiyməti sürətlə bahalaşır. Ötən gün “Brent”in qiymətində 2,37 faiz artım baş verib. Hazırda bu markalı neft 51 dolardan yuxarı qiymətə satılır. Digər brendlərin qiymətlərində də artım var.

Ötən ay Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol neftin qiymətlərində artım proqnozlaşdırıldığını, qiymətin 50 dollara yaxınlaşacağını bildirmişdi.

Vəziyyətin proqnozlaşdırılan kimi olduğunu qeyd edən icraçı direktor əlavə etmişdi ki, neftin bahalaşmasının səbəbləri anbarlarda, xüsusən, ABŞ "stock"larında neft ehtiyatlarının azalmasıdır: “Başqa sözlə, bazarda neftin həcmi azalıb, tələb isə artıb. 2017-ci ildə neftin daha da bahalaşacağını proqnozlaşdırırıq ki, bu da bir çox neft hasil edən ölkələr üçün yaxşı xəbərdir”.

İqtisadçı İlham Şaban Teleqraf.com-a bildirib ki, son qiymət artımı çərşənbə günü Beynəlxalq Enerji Agentliyinin ABŞ-da həftəlik neft ehtiyatlarının azalması ilə bağlı açıqladığı hesabatın bazara təsirindən qaynaqlanır: “Artıq çoxdandır OPEK neft hasilatı baxımından üçdə bir həcmə malik olsa da, qiymət baxımından bazara təsirini itirib. 2010-cu ildən bəri neft bazarına ən təsirli vasitə faktiki olaraq Amerikanın əlinə keçib. Çünki şist neftinin hasilatından sonra ABŞ son 5 ildə dünyada yeganə ölkədir ki, hər il öz hasilatını 1 milyon bareldən çox artırmaq gücünə malikdir. Dünyada neft hasil ediləndən ikinci belə bir ölkə yoxdur.

Ona görə də Amerikada ehtiyatlarla bağlı hesabat açıqlanan kimi neftin qiymətinin aşağı düşməsi və ya artması baş verir. Ehtiyatlar azalırsa, qiymət qalxır. Yox, ehtiyatlar artır və dünya bazarında stabillik mövcuddursa, onda qiymət aşağı düşür”.

İlham Şabanın sözlərinə görə, neftin qiymətində heç kəs münəccimlik edə bilməz: “Hazırda neftin qiyməti 50 dolları keçir. Qərbi Texas markalı neftin qiyməti 49 dollar civarındadır. Bu, Amerika üçün çox sərfəli rəqəmdir. Qiymət 45 dollar ətrafında olanda şist çıxarılan neft yataqlarının bir çoxu rentabellik həddi keçir ki, dondurulmuş quyular bir-bir işə düşməyə başlayır. Bunlar üçün 2 həftə vaxt lazım olur. Sonra hasilat artır və bazara daha çox neft çıxarılır. Beləliklə, Amerikaya idxal olunan neftin həcmi azalır. Oraya yönələn neft digər bazarlara “axmalı olur”. Bazarlarda neft bolluğu başlayan kimi də, əlbəttə, qiymət düşür.

Neftin qiymətini proqnozlaşdırılmaq bu qədər çətindir. Çünki qiymətlər çoxlu faktorlardan asılıdır. Heç kim deyə bilməz ki, Kanadada meşə yanğını olacaq, 3 yataqda gündəlik hasilat qəflətən 400 min barel düşəcək”.

Ekspert qeyd edib ki, çətin yataqlardan neft çıxarmaq üçün son 10 ildə kəşfiyyata 3,3 trilyon pul xərclənib: “Çoxlu sayda neft yataqları aşkarlanıb və istehsala hazırlanıb. Bundan öncəki 10 ildə bu məqsədlər üçün cəmi 1 trilyon xərclənmişdi. Artıq dünyanın ehtiyacını ödəyən kifayət qədər neft var.

Hazırda bazarda olan neftdən əlavə 2-3 milyon barel artıq neft satılır. Başqa bir məlumatlar da var ki, bazara 5 milyon barelə yaxın qeyri-qanuni neft çıxarılır. Neftin qiymətinin yuxarı qalxmasını əngəlləyən əsas amillərdən biri də budur”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər