“Bu ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə yarıbayarı az olub”.
Teleqraf.com xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev məlumat verib.
Toğrul Quliyevin sözlərinə görə, 2015-cı ilin yanvar-sentyabr ayları ərzində 58.574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66.527 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövrü üzrə 12.735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 14.567 akt tərtib edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri nəticəsində tərtib edilmiş akt sayının 4,6 dəfə azalması deməkdir.
Nazirlik rəsmisi bildirib ki, bəzi hallarda yoxlamaların sayının azaldılmasından sui-istifadə nəticəsində vergidən yayınma hallarına yol verilir: “Bu hallar daha çox nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, əmək müqavilələri hüquqi qüvvəyə minmədən şəxslərin muzdlu işə cəlb edilməsi, gəlir və xərclərinin uçotunun aparılmaması, satış məqsədilə mallar alınarkən rəsmiləşdirilmənin həyata keçirilməməsi zamanı baş verir.
Bu məqsədlə cari ilin aprel-sentyabr aylarında aparılmış vergi nəzarəti tədbirləri zamanı 18 vergi ödəyicisi tərəfindən 398 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib. Bu hallar Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər əsasında cinayət işi başlanılıb”.
İlhamə ƏBÜLFƏT