17 Mart 2017 10:23
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir sıra kütləvi informasiya vasitələrində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank müştərilərinin hesablarından nağd pulun götürülməsinə dair yeni məhduduyyətlərin qoyulması barədə xəbərlər dərc olunub. MBNP-na bununla bağlı çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq, məsələnin ictimaiyyət üçün aydınlaşdırılması məqsədilə bildirmək istəyirəm ki, MBNP tərəfindən hər hansı bir qadağa və ya məhdudiyyət tətbiq edilməyib".

Teleqraf.com xəbər verir ki, bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov bildirib. Onun sözlərinə görə, cari ilin yanvarın 1-dən “Nağdsız hesablaşmalar haqqında” qanun qüvvəyə minib: "Həmin qanunla vergi ödəyiciləri arasında nağdsız hesablaşmalara dair bir sıra məhdudiyyətlər, habelə bu hesablaşmaların aparılmasında dair xüsusi rejim müəyyən edilib. Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanına banklardan nağd çıxarılan vəsaitlərin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununa uyğunluq baxımından araşdırılması və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi MBNP-na həvalə olunub. Qanunun qüvvəyə minməsindən ötən iki ay ərzində MBNP tərəfindən yeni rejimin tətbiqi vəziyyəti ilə əlaqədar MBNP tərəfindən monitorinqlər aparılıb. Monitorinqin nəticəsi olaraq MBNP banklara əlavə tövsiyələr, xüsusilə açıq-aşkar iqtisadi məqsədi olmayan əməliyyatların monitorinq rejiminə əməl olunmasına dair tapşırıqlar verib. Maliyyə Bazarlarına Nəzarət Palatası həmçinin, biznes subyektlərini “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə dəvət edir".

İlhamə Əbülfət


Müəllif: