9 İyun 2018 08:32
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada “5 Ulduz” Partiyası və “Şimal Liqası” Hərəkatı tərəfindən qurulan koalision hökumət Azərbaycan qazının Avropa bazarlarına nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə yenidən baxacağını elan edib. Teleqraf.com mövzu ətrafında suallarını iqtisadçı mütəxəsis Qubad İbadoğluna istiqamətləndirib.

- Qubad bəy, İtaliyada yeni hökumətin ətraf mühit naziri Serjio Kosta bəyan edib ki, Transadriatik Qaz Kəməri (TAP) layihəsinə yenidən baxılacaq. Yeni nazirin TAP layihəsini “mənasız və İtaliya üçün gərəksiz” adlandırmasını necə qiymətləndirmək olar?
- Bu məsələ beynəlxalq təbiəti mühafizə, ekologiya təşkilatlarının nəzərindədir. Onlar bu məsələni müzakirəyə yeni İtaliya hökumətinin formalaşdırılmasından əvvəl çıxarıblar. Hətta beynəlxalq maliyyə və kredit təşkilatlarına təzyiq vasitəsi kimi də istifadə olunurdu. Artıq ekoloji təşkilatlar Avropa Yenidənqurma və İnkişaf Bankına bu layihə ilə bağlı müraciət etmişdi. Hətta bank öz qərarını bir müddət təxirə salaraq məsələni araşdırmaq qərarını verdi. O zaman araşdırma aparıldı və belə qərara gəlindi ki, İtaliya ərazisində bu layihəni həyata keçirmək imkanları mövcuddur. Bunun ekoloji və təbiətə mümkün təsirlərinə dair müxtəlif proqramlar həyata keçirməklə layihənin icrası məqsədəuyğun hesab etdi.

- Bu halda niyə İtaliya hökumət üzvü belə bəyanat verir?
- İndi İtaliyanın yeni hökuməti müxtəlif ictimai tələblərə, qlobal çağırışlara reaksiya verməyə çalışır. Düşünürəm ki, ətraf mühit nazirinin məlum bəyanatı daha çox ictimai təzyiq və tələb nəticəsində ortaya çıxıb. Amma istənilən halda bu, bizim üçün xoş olan bəyanat deyil.

- Bunun bizə hansı təsirləri ola bilər?
- Qeyd etdiyim kimi bu xoş bir hərəkət deyil. Azərbaycan və Avropa bu layihənin icrasında maraqlıdır. Və bu layihə ilə bağlı beynəlxalq maliyyə-kredit təşkilatlarının sərmayələri ayrılıb, bundan istifadə də edilib. Bütövlükdə Azərbaycan hökuməti bura böyük kapital qoyuluşu həyata keçirib. Bundan sonra düşünmürəm ki, belə vasitələrlə bu layihənin dayandırılmasına nail olmaq mümkündür. Amma yəqin ki, müəyyən müzakirələrə gətirib çıxaracaq. Üstəlik ətraf mühit nazirinin bəyanatı ilə qlobal ekoloji təşkilatların bəyanatları arasında hansısa əlaqələr, əməkdaşlıq olacaq. Əgər, yeni nazir o təşkilatların mövqeyindən çıxış edəcəksə, təbii ki, bu məsələni qloballaşdıracaq. Onda müzakirələr daha çox zaman apara və layihənin icrasını ləngiyə bilər.

- Amma layihənin qarşısını tam olaraq ala bilməz?
- İlkin olaraq belə görünür. Ətraf mühit naziri İtaliya hökumətinin bir üzvüdür. Bütövlükdə hökumətin məsələyə münasibətindən çox şey asılıdır. Ətraf mühit naziri təmsil etdiyi partiyanın, rəhbərlik etdiyi nazirliyin rəyini açıqlayıb. Amma bütövlükdə hökumətin rəyi daha vacib və əhəmiyyətlidir. Hökumət üzvü olan digər şəxslər bu mövqeni bölüşəcəksə, məsələ qəlizləşəcək. Yox, əgər bu mövqe qlobal ekoloji təşkilatların maraqlarına uyğun bəyanat kimi ortaya çıxıbsa, müzakirələrdən sonra ortaq məxrəcə gəlinəcək və proses davam edəcək.

- Ancaq iddialar var ki, İtaliyada kəmərin keçdiyi ərazilərdə ekoloji etirazların təşkilinin bir izi də Rusiyaya gəlib çıxır. İndiki prosesin arxasında da Rusiya ola bilərmi?
- Sözsüz ki, bu layihə Rusiyanın maraqlarına uyğun deyil. Rusiyanın İtaliyada formalaşan yeni hökumətə siyasi təsir imkanlarının nə qədər olduğunu mən qiymətləndirməkdə çətinlik çəkirəm. Ancaq bunu istisna etmək də olmaz. Mümkündür ki, Rusiya müxtəlif ölkələrdə fəaliyyət göstərən siyasi partiyalarla müəyyən maraqlar çərçivəsində əməkdaşlıq edə bilər. Həmin qüvvələr də layihənin dayandırılmasında təşəbbüs göstərə bilər. Burada təkcə Rusiya deyil, ermənipərəst qüvvələrin də aktiv olması realdır.

- TANAP layihəsinə qarşı olanların mövqeləri nə dərəcədə güclüdür?
- İtaliyadakı ekoloji məsələ çox ciddidir. Bu yeni məsələ də deyil və çoxdandır ki, gündəmdədir. Bu prosesin bir mərhələsi bitdi. Avropa Yenidənqurma və İnkişaf Bankına təzyiq edildi ki, layihənin maliyyələşdirilməsinə vəsait verməsin. Ancaq indiki halda bu məsələ beynəlxalq ictimai təşkilatlar səviyyəsindən hökumət səviyyəsinə qalxıb. Ona görə, bir qədər narahatçılıq yaradır.

- Deməli, layihəyə qarşı olanlar güclüdür?
- Layihənin baş tutmasını istəyən qüvvələr, onun baş tutmamasında maraqlı olanlardan qat-qat güclüdür. Sadəcə olaraq bu prosesi idarə etmək lazımdır.


Müəllif: Cavad