Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.