Beş Xəzəryanı ölkənin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) iqtisadiyyat nazirləri regionda iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün plan hazırlamaq barədə razılığa gəliblər. Məqsəd qarşılıqlı ticarət dövriyyəsini dəfələrlə artırmaqdır.
Teleqraf.com “RİA-Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev bildirib.
“Türkmənbaşında keçirilən forumda ölkələrimizin iqtisadiyyat nazirləri Xəzər bölgəsində iqtisadi əməkdaşlığı gücləndirmək üçün plan hazırlamaq barədə razılığa gəldilər. Qarşıya ambisiyalı məqsəd qoyulub – ticarət dövriyyəsini dəfələrlə artırmaq”, – deyə Medvedyev bu günlərdə Türkmənistanda keçirilən I Xəzər İqtisadi Forumunda deyib.
O qeyd edib ki, ötən il Rusiya ilə Xəzəryanı ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3,5% artıb.
“Bu, pis deyil, inkişaf var. Ancaq aydındır ki, bu artım daha da çox ola bilər”, – deyə baş nazir əlavə edib.
Qeyd edək ki, avqustun 11-12-də Türkmənbaşı şəhərinin “Avaza” Milli Turizm Bölgəsində I Xəzər İqtisadi Forumu keçirilir.