İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda müvəqqəti məskunlaşmış Xankəndi və Xocalıdan olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Bu barədə Teleqraf.com-a İSN-nin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il sentyabrın 12-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış Xankəndi və Xocalıdan olan məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində məcburi köçkünlərlə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb və fondu tərəfindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması təkliflərinin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Naibə