Dünya miqyasında koronavirus pandemiyasından ən çox zərər çəkmiş sahələrin siyahısına turizm, hotelçilik və restoran biznesi başçılıq edir. İqtisadiyyatının əsasını turizm təşkil edən ölkələrdə bu sektora dəyən ziyan özünü daha ciddi hiss etdirir. Bir sıra turizm şirkətləri fəaliyyətini dayandırıb, bronlaşdırma sistemi ləğv edilib, aviareyslər təxirə salınıb, restoran və kafelərdə müştərilərin sayı kəskin azalıb.
Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Teleqraf.com-a müsahibəsində bu istiqamətdə suallara cavab verib.
- Samir müəllim, pandemiya dönəmində turizm sektorunun mənzərəsini necə əks etdirərdiniz?
- Məlumdur ki, karantin rejimi və ölkələrdə tətbiq olunan digər məhdudiyyətlər beynəlxalq turizm hərəkətlərinə və əlaqələrinə mənfi təsir göstərib. Beynəlxalq uçuşların, vizaların dayandırılması, sərhəd-keçid məntəqələrinin işləməməsi kimi bir sıra amillər var ki, bu gün beynəlxalq turizmin də dayanmasına səbəb olub. Son bir neçə gündə Avropa ölkələrindən karantin rejiminin sona çatması ilə bağlı müxtəlif bəyanatlar eşidirik.
Artıq bir sıra ölkələr Avropa ilə sərhədləri açdığını elan edir. Regionda Türkiyə də sərhədlərin açılmasına və ümumiyyətlə, karantin rejiminin götürülməsinə hazırlaşırlar.
Azərbaycana gəlincə, pandemiya başlayan dövrdə düşünürdük ki, əgər beynəlxalq əlaqələr dayanırsa, heç olmasa daxili turizm işləyər. Amma buna da imkan olmadı. Çünki karantin rejiminin tətbiq olunması nəticəsində Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərindən giri-çıxış bağlıdır. Hər zaman iri şəhərlərin, xüsusilə Bakı sakinləri daxili turizmdən yararlanıblar. Amma indi bu haqda da bir şey demək olmur. Yəni hərəkət məhduddur, buna görə də regional səviyyədə həm turizm şirkətləri, həm də turizm məkanlarının bir çoxu qapalıdır.
Bakıda və digər şəhərlərdə ictimai iaşə müəssisələrinin işinə olan məhdudiyyətin bir qisminin qaldırılması bizi bir qədər sevindirdi. Regionlarda kafe-restoranlar tam fəaliyyət göstərir, amma iri şəhərlərdə iş vaxtı axşam saat 22:00-dəkdir. Düşünürük ki, yaxın həftələr içində bu qaydalar da bir qədər yumşalar və ictimai iaşə sektoru normal iş həyatına qayıda bilər.
- Pandemiyadan sonra sektordakı itkiləri kompensasiya etmək mümkün olacaqmı? Əgər mümkün olacaqsa, nəyin hesabına? Təklifləriniz nədir?
- Təbii ki, itkilər var və onları kompensasiya etmək məncə, tez baş verməyəcək. Ümumiyyətlə, indi böyük qazanclardan danışmaq olmaz. Doğrudur, biz nikbinik, çalışırıq gələcəyə bir az optimist baxaq. Amma hər halda reallıqlar var və buna istinad edərək düşünürəm ki, fəaliyyətin bərpası nəzərdə tutulmalıdır. İlk növbədə turizm sənayesi qiymət siyasətini dəyişməlidir. Yəni qiymətlər bir qədərə aşağı düşməlidir. Burada otellərdən tutmuş, tur agentlərin, daşıyıcıların və nəqliyyata qədər olan bir çox məsələləri nəzərdə tuturam.
Bilirik ki, bəzi metodik göstəricilər var, onların tələbləri nəticəsində müəssisələrin əlavə xərcləri çıxır. Məsələn, maskaların, əlcəklərin və müxtəlif dezinfeksiyaedici məhlulların alınması və s. Xüsusi qeyd etmək yerinə düşər ki, bu qoruyucu vasitələr 3 saatdan bir dəyişilməlidir. Qoruyucu vasitələrin, kimyəvi maddələrin və digər mal-materialların alınması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişik. Xahiş etmişik ki, bu xərclərin bir qədər minimuma endirilməsi məqsədi ilə sahibkar aptekdən əlcək, maska alıb istifadə etməsin.
Bu mal-materialların topdansatış mərkəzi yaranmalıdır ki, qiymətlər də aşağı olsun. Onsuz da bu xərclər çıxmalıdır, amma heç olmasa biznes bu məhsulları topdansatış qiymətlərlə əldə edə bilər.
- Sizcə, post-pandemiya sonrası turizm sektorunda nələr dəyişiləcək?
- Karantindən sonra müəssisələr tam qüvvəsi ilə çalışa bilməyəcək. Metodik göstəricilərdə də restoranlara tövsiyə olunub ki, ümumi tutum sayından 50% masa sayını istifadə etsinlər. Masalara arasında olan məsafə müəssisələrə tam qüvvəsi ilə işləməyə imkan vermir.
Otellərə gəlincə, səhər yeməyi üzrə açıq bufetlərin yığışdırılmasına dair bəzi fikirlər var. Çünki insanlar bir yerə toplaşır ki, bu da yoluxma riskini bir qədər artırır. Bu zaman müəssisələr digər xidmət növünə keçməlidir. İlk növbədə işə əlavə personal cəlb olunmalıdır ki, bu da əlavə xərc yaradır.
Müxtəlif dövlət qurumlarının əməkdaşları ilə mütəmadi görüşlər keçirib məsləhətləşmələr apardıq. Kiçik alyans yaradaraq bir sıra turizm sahəsində uzun müddət fəaliyyət göstərən assosiasiyalarla birgə müzakirələr açdıq.
Belə qənaətə gəldik ki, pandemiyadan sonrakı dövr iki mərhələyə bölünür. İlk mərhələdə yalnız daxili turizmdən danışmaq mümkün olacaq. Sərhədlər açılsa belə, ola bilər ki, insanları beynəlxalq turizm fəaliyyətlərinə qatılması bir qədər ləngisin. Yəni pandemiya bitsə də, insanın ürəyində bir qorxu qalacaq. Bunu tam çözmək üçün müəyyən bir vaxt lazımdır.
- Azərbaycanda xüsusi karantin rejiminin şərtləri yumşaldılır. Sizcə, bu, daxili turizmi canlandıra biləcəkmi?
- Ümumiyyətlə, biz daxili turizm imkanlarımızın olmasını unutmuşduq. Turizm sənayesi də daha çox xaricdən turist qəbul etməyə istiqamət götürmüşdü, nəinki öz vətəndaşına xidmət etməyə. Öz vətəndaşlarımız da həmişə regionlardakı qiymətlərin uyğun gəlməməsindən gileylənib. Ona görə də vətəndaşlarımız öz istirahətlərini planlaşdırarkən daha çox xaricə üz tuturdular.
Doğrudur, daxildə də müəyyən turizm fəaliyyətləri var və məncə, bu, öz axını ilə gedəcək. Amma təklif olunan xidmətlərin çeşidi artmalıdır. Bunu düşünərək ötən ilin sonu Azərbaycan Ekoturizm Assosiasiyasını təsis etdik.
Tutduğum vəzifə ilə yanaşı, həm də bu qurumun icraçı direktoruyam. Hələ ki, təşkilatlanma işləri gedir, bizim geniş fəaliyyətimiz yoxdur, amma fikirlər çox ciddidir. Azərbaycanın ekoturizm məkanına çevrilməsi barədə bir çox planlarımız var. Əgər ölkəmizin geniş təbii imkanları varsa, Azərbaycanı niyə şəhər, biznes, işgüzar və tədbirlər ətrafında baş verən turizm məkanı kimi tanımalıdırlar?!
Ölkəmizdə yaşıl turizmi, kənd turizmi, ekoturizm, aqroturizm, açıq səma altında olan turizm fəaliyyətləri, piyada gəzməkdən tutmuş atla gəzintiləri, düşərgələr, pikniklər və digər çoxçeşidli fəaliyyətləri aktiv istirahət növünü təşviq etməliyik ki, ən azından ilkin mərhələdə vətəndaşlarımız bundan bəhrələnə bilsin.
- Turizmlə məşğul olan sahibkarlara nə tövsiyə edərdiniz?
- Nikbin və ümid olsunlar, ruhdan düşməsinlər. Başa düşürəm, çətindir. Bizim də biznes yönümlü assosiasiyamız var, hansı ki, fəaliyyəti dayanıb. Ümumiyyətlə, bir neçə iqtisadi sektoru istisna etmək şərti ilə bu gün sahibkarlarımız hamısı eyni vəziyyətdədir.
Pandemiya dönəmində dövlət biznes sektoruna əlindən gələn yardımları göstərdi. Təbii ki, bu yardımlar daimi ola bilməz. Hər bir biznes çalışıb qazanc əldə edib vergi ödəməlidir. Tarix sübut edib ki, turizm dayanıqlı bir sektordur. Turizm hər zaman müxtəlif krizlərdən sonra tezliklə bərpa olub.
Pandemiya gözlənilməz bir vəziyyəti ortaya çıxardı. Əminik ki, bu dəfə də turizm tez bərpa olacaq. Amma bu bərpa prosesində böyük qazanc düşünməməliyik.