30 İyun 2020 15:03
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusa çatdırılmaq üçün 85 min ton Azərbaycan nefti ilə yüklənmiş tanker Ukraynanın “Cənub” limanına daxil olub. Neftin iyulun 10-15-də Belarusun Mozır şəhərindəki neft emalı zavoduna çatdırılacağı planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu “RİA Novosti”yə Belarusun “Belneftexim” şirkətinin mətbuat katibi Aleksandr Tişenko bildirib.

Tişenko bundan əvvəl söyləmişdi ki, Minsk özünün emal zavodlarına neft tədarükünün şaxələndirilməsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) daha bir neft tankeri alıb.

“85 min ton Azərbaycan nefti olan tanker dünən gecə Odessa bölgəsindəki “Cənub” limanına daxil olub. Bu gün səhər boşaldılmasına başlanılıb. Neftin iyulun 10-15-i aralığında Mozır neft emalı zavoduna çatdırılacağını planlaşdırırıq”, – deyə o bildirib.

O, həmçinin bildirib ki, konsern Belarusa tankerlə neft tədarükü üzərində işləməyə iyul ayında da davam edəcək.
Bu ilin mart ayında Minsk Odessa limanında SOCAR-dan təxminən 250 min ton neft alıb. Bundan əvvəl “Belneftexim” şirkətinin sədri Andrey Rıbakov bildirmişdi ki, SOCAR 2020-ci ildə Belarusa bir milyon tona qədər neft tədarük edə bilər.

Hazırda Belarus əsas və ənənəvi tədarükçü – Rusiya ilə qiymətdə vaxtaşırı yaranan fikir ayrılıqları şəraitində özünün iki emal zavodu üçün xam neftin alışını diversifikasiya edir. Belarus “Dostluq” magistral neft boru kəməri və dəmir yolu ilə Rusiya neftini almağa davam edir, ancaq bu zavodlara xam neft daşınması üçün alternativ yollar üzərində də işləyir. Neft dəniz yolu ilə Klaypeda və Odessadakı limanlara çatdırılır. Odessa limanından çatdırılma Odessa-Brodı boru kəməri ilə, sonra isə “Dostluq” magistral boru kəmərinin xətlərindən biri ilə Mozırdakı emal zavoduna, Klaypeda limanından isə dəmir yolu ilə Novopolotsk neft emalı zavoduna çatdırılır.

Cari ilin əvvəlindən Minsk Azərbaycanla yanaşı Norveç, Səudiyyə Ərəbistanı və ABŞ-dan da neft alıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər