Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında telefon danışığı olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, telefon söhbətində ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğu, dövlət başçıları arasında mövcud dost münasibətlərinin Azərbaycan-Türkiyə əməkdaşlığına əlavə təkan verdiyi vurğulanıb və iqtisadi əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb. Ruhsar Pekcan ölkəsinin Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğunu bildirib.
M. Cabbarov qarşılıqlı hörmətə, dostluğa, qardaşlığa əsaslanan əməkdaşlığımızın yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinə böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar mövcuddur və həyata keçirilən tədbirlər ticarət dövriyyəsinin daha da yüksəlməsinə, strukturunun şaxələndirilməsinə əlverişli şərait yaradacaq.
Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat-tranzit, gömrük, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
Söhbət zamanı Türkiyənin Ticarət naziri son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı təmsil etdiyi dövlətin mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiklərini, bölgədəki bütün siyasi, diplomatik və sosial əlaqələri ilə ölkəmizin yanında olduqlarını vurğulayıb.
M.Cabbarov Türkiyə dövlətinin dəstəyini hər zamankı kimi aydın və açıq şəkildə hiss etdiklərini vurğulayaraq, Azərbaycan dövlətinin və xalqının öz düşmənlərinə qarşı ayıq-sayıq olduğunu, Ermənistanın aqressiv və işğalçı siyasətinin iflasa uğrayacağını qeyd edib, Türkiyə dövlətinin bütün müstəvilərdə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirib.