“İlk dəfə iş axtaranlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar və digər vətəndaşlar əvvəlki qaydada işsizlər kateqoriyasına daxil edilməyəcəyi kimi, işsizlikdən sığorta ödənişi də ala bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüsalə Əhmədova “İşsizlikdən sığorta haqqında” qanuna dəyişikliyi şərh edərkən deyib.
O hesab edir ki, qanuna iki cüzi dəyişiklik edilib: “2018-ci ilin yanvarın 1-dən etibarən qüvvədə olan “İşsizlikdən sığorta haqqında” Qanuna əsasən, yalnız iki kateqoriya üzrə - dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək müqavilələrinə xitam verilmiş şəxslər işsizlikdən sığorta ödənişi ala bilir. Yeni qanun layihəsində müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqavilələrinə xitam verilmiş şəxslərə də sığorta ödənişi verilməsi təklif olunur. Bu zaman şəxsin müddətli əmək müqaviləsi üzrə ən az 3 il fasiləsiz iş stajı olmalıdır. Həmin şəxslərə cəmi 3 ay müddətində minimum əmək haqqı məbləğində sığorta ödənişi veriləcəyi deyilir. Məlumat üçün bildirim ki, 2019-cu ilin sentyabr ayının 1-dən ölkədə minimum əməkhaqqı 250 manat müəyyən edilib. Öz ərizəsi əsasında və ya işəgötürəndən qaynaqlanan digər səbəblərdən əmək müqaviləsinə xitam verilmiş şəxslər əvvəlki kimi işsizlikdən sığorta ödənişi ala bilməyəcək”.
Vüsalə Əhmədova onu da əlavə edib ki, qüvvədə olan qanuna əsasən, sığorta ödənişinin təyin olunması üçün şəxsin ən az 3 il sığorta stajına malik olması tələb olunur:
“Şəxsin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda sığorta ödənişi olaraq ona orta aylıq əmək haqqının 50%-i, 5 ildən 10 ilədək olduqda 55%-i, 10 ildən yuxarı olduqda isə 60%-i ödənilir.
Qeyd edim ki, bu il üzrə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 744,5 manat hesablanıb. Yeni qanun layihəsində, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajının 3 ildən 1 ilədək azaldılacağı bildirilir. Həmin şəxslərə minimum sığorta ödənişi məbləğində pul ödənilməsi nəzərdə tutulur. Minimum sığorta ödənişi isə minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Göründüyü kimi, bu kateqoriya üzrə şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək endirilsə də, digər tərəfdən sığorta ödənişlərinin məbləği azaldılır.
Təklif edilən iki münasib işdən imtina edənlər və minlərlə bu kimi şəxslər əvvəlki qaydada işsizlər kateqoriyasına daxil edilməyəcəyi kimi, işsizlikdən sığorta ödənişi də ala bilməyəcək”.
İqtisadçı bildirir ki, qüvvədə olan qanuna müvafiq olaraq işsiz şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı 6 ay nəzərdə tutulur:
“Ümumilikdə bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz. İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ var. Ancaq təkrar müraciət zamanı sığorta ödənişinin verilmə müddəti 3 aydır. O cümlədən, şəxslərin işsizlikdən sığorta ödənişi ala bilmələri üçün Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata düşmələri mütləqdir. İş tapacaqlarına ümidi olmayan insanların məşğulluq xidmətinə çox hallarda müraciət etməmələri də bir digər problemdir”.
Ekspert İşsizlikdən Sığorta Fondunun büdcə gəlirləri və xərclərinə də diqqət çəkib:
“Fondun 2018-ci il büdcə gəlirləri və xərclərinin hər biri 89,04 milyon manat məbləğində müəyyən edilmişdi. 2020-ci il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənib. Yeni dəyişiklikdən sonra isə fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilməsi təklif olunur”.