17 Sentyabr 2020 13:42
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının qaytarılma prosesi yekunlaşmaq üzrə olsa da, problem bitmir”.

Bunu Teleqraf.com-a hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov deyib.

O, qanunla 3 ay ərzində əmanətlərin qaytarılmalı olduğunu bildirib: “Ata Bank və Əmrah Bank aprelin 28-də müflis elan olunmuşdu. Bu banklar üzrə əmanətlər iyulun 28-ə qədər qaytarılmalı idi. Göründüyü kimi, üzərindən təxminən iki ay keçib.

Digər iki bank - AG Bank və NBC Bank mayın 12-də müflis elan olundu. Bu banklar üçün də 3 aylıq müddət avqustun 12-də başa çatıb.

Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat olmaqla ümumilikdə 215 min əmanətçini əhatə edir. Belə çıxır ki, indiyə kimi qorunan əmanətlərin hamısını verməyiblər. Söhbət 100 milyondan çox əmanətdən gedir. Minlərlə insanın əmanəti müxtəlif bəhanələrlə qaytarılmır.

Məndə olan məlumata görə, qaytarılan əmanətlərin də hamısı tam qaytarılmır, faizləri vermirlər. Müxtəlif problemlər çıxarırlar. Bu baxımdan ADIF-in bu istiqamətdəki fəaliyyətini qənaətbəxş hesab etmək olmaz”.

Hüquqşünas qeyd edib ki, əmanətlərin qaytarılma prosesində gecikmənin bir neçə səbəbi var: “Fond istəyir ki, xüsusən iri məbləğləri tam qaytarmasın. Məndə olan məlumata görə, qeyri-rəsmi qərar var ki, 500 mindən yuxarı məbləğdə əmanətlər verilməsin. Bunun müxtəlif səbəbləri ola bilər. Ya Fond üçün qənaət etmək istəyirlər, ya da pul yoxdur. Məlumdur ki, Fond vəsaiti Mərkəzi Bankdan alır.

Digər səbəb o ola bilər ki, bu qədər pulu birdən-birə insanlara vermək istəmirlər. Çünki ehtiyat edirlər ki, onlar bu əmanətləri dollara çevirər, nəticədə milli valyutaya təzyiq yaranar”.

Əkrəm Həsənovun hesab edir ki, sahibkarların, vətəndaşların, şirkətlərin sığortalanmayan əmanətləri üzrə əvvəldən qeyri-şəffaflıq olub: “Fond bütün ləğv olunan banklarda kreditorlar komitəsi təsis etməlidir. Bu komitə tam şəffaf olmalıdır. Bağlanan bankların əmlaklarını bəyan etməlidir, hərracda açıq satmalıdır, bu bankların kreditlərini kreditorlara açıq qaytarmağa cəhd edilməlidir. Bir sözlə, Fond gördüyü işlərlə bağlı tam informasiya verilməlidir. Bu kimi məqamların olmaması ən çox orada pulu qalanları narahat edir”.

Qeyd edək ki, sentyabrın 15-nə olan məlumata görə, ADIF tərəfindən bağlanmış AG Bank, Əmrah Bank, NBC Bank və Ata Bank üzrə 22 min 212 əmanətçiyə 521,76 milyon manat kompensasiya ödənişi həyata keçirilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər