“Döyüş meydanında Azərbaycan Ordusunun qarşısında dayana bilməyən Ermənistan ölkəmizin dinc əhalisini, mülki obyektləri, o cümlədən əsas ixrac boru kəməri kimi strateji əhəmiyyətli resursları hədəfə almağı qarşısına məqsəd qoyub. Ermənistan bu döyüş meydanında Azərbaycana demək olar ki, tam uduzub. Qeyd etdiyim strateji əhəmiyyətli obyektləri hədəfə almaqla Ermənistan çalışır ki, Azərbaycanı öz haqq işindən çəkindirsin və ictimaiyyət arasında təşviş yaratsın. Təbii ki, belə deyil, bu gün bütün Azərbaycan silaha sarılıb, öz haqq işinin müdafiəsinə qalxıb”.
Bunu Teleqraf.com-a erməni silahlı qüvvələrinin Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmaq cəhdinə münasibət bildirərkən Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat Ermənistanın Azərbaycanın enerji ixrac kəmərlərini hədəfə almasını işğalçı ölkənin ekoloji fəlakət törətmək istəyini reallaşdırmaq cəhdi kimi dəyərləndirib:
“Oktyabrın 6-da erməni silahlı qüvvələri regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə alaraq kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirib. Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.
Ümumiyyətlə, ermənilər beynəlxalq hüquqa riayət etməkdən uzaqdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycanın deyil, eyni zamanda bu kəmərin pay bölgüsündə iştirak edən ölkələrin şirkətlərinin də maraqlarındadır. Bu kəmərə yetirilən hər hansı bir zərər həmin ölkələrin həm iqtisadi, həm də siyasi maraqlarına toxunmuş olur. Ona görə də bu kəmərin istifadəsindən pay alan şirkətlərin məxsus bütün ölkələr Ermənistana qarşı səfərbər olmalıdırlar və onlara "dur" deməlidirlər”.
Azər Badamov onu da vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Avropanın enerji təhlükləsizliyində əsas rol oynayır:
“Bu kəmərin sıradan çıxarılması Avropanın maraqlarına toxunması deməkdir. Buna görə də Avropa ölkələri, o cümlədən həmin kəmərdən pay alan digər dövlətlər bu istiqamətdə öz etirazını Ermənistana bildirməlidirlər.
Çox təəssüf ki, ikili standartlar var. Belə yanaşma bu cür həyati vacib məsələnin üzərindən susqunluqla keçilməsinə gətirib çıxarır. Amma buna baxmayaraq biz bütün gücümüzlə və ordumuzun imkanları daxilində həm enerji ixrac kəmərlərinin, həm də digər strateji əhəmiyyətli obyektlərin mühafizəsini təşkil etmişik və düşmənin terror cəhdinin qarşısını ala bilirik. Çox təəssüf edirəm ki, bu kəmərdən pay alan ölkələr məsələyə münasibətlərini bildirmirlər. Amma biz bu məsələni beynəlxalq mətbuatda yaymalıyıq. Həmin ölkələr başa düşməlidirlər ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizəsi tək Azərbaycanın deyil, hər kəsin işidir”.