29 Oktyabr 2020 14:31
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir aylıq müharibə nəticəsində Ermənistan iqtisadiyyatına ən azı 3,5 milyard ABŞ dolları dəyərində ziyan dəyib. Əlavə olaraq, alternativ xərcləri və itirilmiş imkanları nəzərə aldıqda bu zərərin məbləği bir neçə dəfə artır. Ümumi Daxili Məhsulu (ÜDM) 13,7 milyard, rəsmi rezerv aktivləri 2,6 milyard ABŞ dolları olan bir ölkə üçün bunlar kifayət qədər yüksək göstəricidir”.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Müseyibov deyib.

O bildirib ki, Ermənistan Asiya regionunda rəsmi yoxsulluq səviyyəsi (23,5 faiz) ən pis vəziyyətdə olan ölkələrdən biri kimi, müharibə xərclərini artırmaq üçün heç də əlverişli imkanlara malik deyil: “ÜDM-nin 2,3 faizini pandemiya ilə mübarizədə itirmiş Ermənistan beynəlxalq təşkilatların hesablamalarına görə qarşıdakı illərdə daha yüksək fiskal defisit (Asiya İnkişaf Bankının proqnozu - 5,6 faiz, Beynəlxalq Valyuta Fondunun proqnozu - 7,4 faiz) və aşağı gəlirlərlə üz-üzə qalacaq. Göründüyü kimi, büdcə gəlirlərinin azaldığı, iqtisadi aktivliyin 2009-cu ildən bəri ən kəskin azalmasının müşahidə olunduğu (13,7 faizlik azalma) iqtisadiyyat COVİD-19 böhranı ilə mübarizədən hələ də özünə gələ bilməyib.

Həmçinin, minimum qiymətləndirmə ssenariləri əsasında ən azı 2,7 milyard ABŞ dolları həcmində ciddi hərbi sursat və texnika itkilərinə məruz qalan Ermənistan öz hərbi xərclərini 82 milyon ABŞ dolları həcmində artırmaq məcburiyyətində qalıb. Əlavə olaraq, erməni diasporunun dünyanın müxtəlif ölkələrində apardıqları kampaniyalarla Ermənistana maliyyə nəfəsliyini təmin etmək istiqamətindəki addımları da diqqətçəkəndir.

“Hayastan" Ümumerməni Fonduna dünyanın müxtəlif ölkələrində aparılmış kampaniyalar çərçivəsində 150 milyon ABŞ dollarından bir qədər artıq ianə toplanmışdı. Ancaq bunların Ermənistanı gözləyən potensial iqtisadi tükənmədən və sosial-psixoloji partlayışlardan qoruya bilməyəcək qədər az olduğunu hər kəs anlayır”.

Analitik bildiri ki, Ermənistana “humanitar yardım” adı altında silah qaçaqmalçılığı həyata keçirilir: “İndiki halda müxtəlif cinayətkar qruplarla əlaqəyə girərək Ermənistana silah daşınmasına çalışan ölkənin bu baxımdan imkanları yüksək görünmür. Artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Ermənistana bu ölkənin qeydiyyatında olan təyyarələrdən silah qaçaqmalçılığında istifadə olunması barədə məlumatlandırılıb. Ermənistana silah və hərbi texnika daşınması bir sıra hallarda “humanitar yardım” adı altında həyata keçirilir.

İrəvana dəyəri bir neçə milyon dollarlarla ölçülən zenit-raket sistemləri və digər ağır texnika daşınır. Aydındır ki, indiki halda ayrı-ayrı cinayətkar qruplaşmalar vasitəsilə həyata keçirilən bu siyasətin Ermənistanın gələcək iqtisadi müstəqilliyi üçün nə ilə nəticələnəcəyi bəllidir.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məlumatlarından da məlum olduğu kimi, vaxtı ilə aparılmış bu cür qarşılıqlı anlaşmaların nəticəsidir ki, hazırda Ermənistanın strateji əhəmiyyət daşıyan enerji, kritik infrastruktur və digər sahələri tamami ilə üçüncü ölkələrdən asılı vəziyyətdədir. Ona görə də, erməni cəmiyyəti və vətəndaşı cəmiyyəti institutları Ermənistana cinayətkar qruplaşmalar vasitəsi ilə bu formada silah yardımlarının edilməsinə qarşı çıxmalıdır ki, ölkənin geridə qalan cüzi müstəqilliyini də itirməsin”.

Ayaz Müseyibov deyir ki, Ermənistana verilən maliyyə vəsaitləri terrorizmin maliyyələşməsinə xidmət edir: “Ermənistanı borc vəsaitləri və infrastruktur investisiyaları ilə maliyyələşdirən bır sıra beynəlxalq təşkilatların addımları əslində işğalçı ölkə tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur. Bu xüsusda son dövrlər infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı Ermənistanın xarici təşkilatlardan cəlb etdiyi vəsaitlərin bir hissəsi sonradan çirkli pulların yuyulması sxemləri üzrə nəqliyyat dəhlizlərinin inkişafına sərf olunur. Həmin dəhlizlər isə beynəlxalq təşkilatlar tərəfindən də narkotik qaçaqmalçılığı və silah daşımaçılığı üzrə təhlükəli marşrutlar kimi qeyd olunur.

Artıq beynəlxalq ictimaiyyətə bəllidir ki, Dağlıq Qarabağda mövcud olan separatçı rejimin narkotik plantasiyaları və onun trafiki üçün nəqliyyat dəhlizləri mövcuddur. Azərbaycan Ordusunun apardığı anti-terror əməliyyatları çərçivəsində işğal olunmuş ərazilərdə erməni terrorçu qüvvələrinin narkotik vasitələrin yüksək istifadəsi və təchizatını təşkil etdiyi aşkara çıxarıldı. Bu ərazilərdə ASALA, PKK kimi ABŞ və Avropa Birliyi səviyyəsində terrorçu kimi tanınmış təşkilatların akkumulyasiyası da bu trafiki təşkil etməkdən ibarət olub.

Çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığının Ermənistanda dövlət siyasəti kimi həyata keçirilməsi ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan hesabatlarda da əks olunub”.

Ekspert onu da vurğulayıb ki, oktyabr ayında Gəncə şəhərinə heç bir hərbi hədəfin olmadığı halda ard-arda edilən terror hücumları ilə Ermənistan dövləti özünün terrorçu mahiyyətini beynəlxalq ictimaiyyətə xatırlatmış oldu: “Təsadüfi deyil ki, Ermənistan Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin adına xüsusi terrorizm ifadəsi (“erməni terrorizmi”) formalaşdırdığı çox nadir Avropa ölkələrindən biri, Cənubi Qafqazın isə yeganə ölkəsidir. Buna görə də erməni lobbilərinin dünyanın müxtəlif ölkələrində Ermənistana “humanitar yardım” adı altında təşkil etdikləri dəstək kampaniyalarının bu cür kriminal niyyətlərin realizasiyasına sərf olunması unudulmamalıdır.

Ermənistan uzun müddətdir Avropa və Asiyanın müxtəlif maliyyə və investisiya qurumları ilə də investisiyaların cəlbi istiqamətində davamlı iş aparmaqdadır. Ümid olunur ki, artıq bu cür açıq-açığına terrorçu hücumlardan sonra beynəlxalq investorlar Ermənistanın maliyyələşdirilməsi və ona yatırılmış hər hansı sərmayənin, verilmiş borc vəsaitinin birbaşa terrorizmə xidmət etdiyini qəbul edəcək və bu ölkənin maliyyələşdirilməsini dayandıracaq”.


Müəllif: Yeganə Oqtayqızı