29 Oktyabr 2020 16:15
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının ümumi büdcə gəlirləri 2020-ci ilin ilk 9 ayında 24 faiz azalaraq 144,4 milyard dollar olub.

Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinin məlumatına görə, dövlət büdcəsində 49,2 milyard dollar (184,11 milyard rial) kəsir yaranıb.

Həmçinin, dövlət xərcləri ilk 9 ayda 3 faiz azalaraq 193,6 milyard dollara düşüb. Ölkədə ötən ilin eyni dövrünə aid büdcə 190,3 milyard dollar olub. Büdcədəki daralmaya səbəb qlobal neft qiymətlərinin düşməsi nəticəsində ölkənin neft gəlirlərinin illik 33 faiz azalması göstərilir.

COVİD-19-lə bağlı görülən tədbirlər nəticəsində qeyri-neft gəlirləri 5 faiz azalıb.

2019-cu ilin sonunda Səudiyyə Ərəbistanının 180,8 milyard dollar olan dövlət borcunun bu ilin üçüncü rübündə 25 faiz artaraq 226,14 milyard dollara çatdığı qeyd edilib.

Maliyyə Nazirliyinin açıqlamasına görə, 2021-ci ildə Səudiyyə Ərəbistanının büdcə kəsiri 145 milyard riala və ya ÜDM-in 5,1 faizinə çatacağını gözlənilir.

Ölkədə 2020-ci il büdcə kəsirinin 300 milyard riala və ya ÜDM-in 12 faizinə çatacağı proqnozlaşdırılmışdı.


Müəllif: Yeganə Oqtayqızı