19 Noyabr 2020 16:22
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin yanvar-sentyabr aylarında qlobal borc səviyyəsi 15 trilyon dollar artaraq 272 trilyon dolları keçib.

Teleqraf.com xəbər verir ki, bu, Beynəlxalq Maliyyə İnstitutunun (IIF) "Qlobal Borc Monitoru" hesabatında yer alıb.

Hesabata görə, 2020-ci ilin üçüncü rübünün sonunda iqtisadi canlanmanın təsiri ilə cəmi borc dünyanın ümumi daxili məsulunun (ÜDM) 364 faizinə çatıb. Bu, bütün zamanların rekord göstəricisi hesab olunur.

COVID-19 epidemiyasında dövlət və korporativ borcların kəskin artması ilə ilin sonunadək qlobal borcun 277 trilyon dollara və dünya ÜDM-nin 365 faizinə çatacağı bildirildi.

Hesabat dövründə borcun ümumi ÜDM-ə nisbəti nəzərə alınmaqla ev borcları 49,2 faiz (2019-cu ildə 47,1 faiz), qeyri-maliyyə korporativ borcları 79,6 faiz (2019-cu ildə 73.7 faiz) yüksəlib. Eyni dövrdə dövlət borcu 77,6 faiz (2019-cu ildə 69,1 faiz), banklar kimi maliyyə şirkətlərinə aid borclar 65,6 faiz (2019-cu ildə 62,8 faiz) olub.

Hesabata görə, inkişaf etməkdə olan bazar borcunun ÜDM-ə nisbəti 222 faizdən 248 faizə yüksəlib. İnkişaf etmiş bazarlarda isə borcun ÜDM-ə nisbəti 2019-cu ilin sonunda 380 faiz olub və bu nisbət ilin üçüncü rübündə 432 faizə yüksəlib.

Hesabatda Avrozonanın ümumi borcunun da 1,5 trilyon dollar artaraq 53 trilyon dollara çatdığı da bildirilir.


Müəllif: Yeganə Oqtayqızı