23 Noyabr 2020 22:57
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Brent markalı xam neftin fyuçersləri 21 sent və ya 0,5 faiz artaraq 1 barel üçün 45.17 dollara yüksəlib, ABŞ-ın Texas markalı nefti isə 10 sent və ya 0.2 faiz artaraq 42.52 dollara çatıb. Hər iki göstərici keçən həftə ilə müqayisədə 5 faiz artıqdır.

Enerji məsəslələri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a deyib ki, neftin hazırkı qiymətlər real bazar qiymətlərini əks etdirmir: "Neftin indiki fyuçers qiymətləri fiziki bazarlardakı qiymətlərlə tərs mütənasibdir. Buna səbəb istehsal, sənaye, işgüzar və eləcə də sərnişin aktivliyinin aşağı olmasıdır.

Bu da nə emal güclərinin maksimum həddə xammalla yüklənməsinə, nə də neft məhsulları bazarında istehlakın yüksək səviyyədə təmin olunmasına imkan verir... Qlobal enerji bazarlarında neft tələbini iqtisadi fəaliyyətin göstəricisi kimi xarakterizə etsək, bu zaman dünyada neft emalı güclərinin gündəlik neftə olan tələbatı 75 milyon bareldən yuxarı keçmir.

OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasının və OPEC katibliyinin birgə hazırladığı analizə görə, 2020-ci ildə dünyanın ortalama neftə olan tələbatı gündəlik 91 milyon bareldən yuxarıdır. Bu göstərici neft emalı zavodlarının (NEZ) gündəlik xammalla yüklənməsinə cavab vermir. Bu, əvvəlki illərdə də belə olub.

Pandemiyadan əvvəl, yəni 2019-cu ildə və 2020-ci ilin ilk 3 ayında dünyanın neftə olan tələbatı təxminən 99 milyon bareldən yuxarı idi. Dünyada mövcud NEZ-lərin sayı təxminən 700-ə yaxındır. Bütün NEZ-lərin gündəlik xammalla yüklənməsi 75 milyon bareldir. Bundan artıq neft həcmləri strateji və kommersiya təyinatlı neft ehtiyatlarının formalaşmasına yönəldilir. Bu isə bazar üçün yaxşı hal deyil. Çünki həm Asiya, həm Avropa, həm də ABŞ-dakı mövcud NEZ-lərin gündəlik xammalla yüklənməsi 75 faizdən artıq olmur. Belə olan halda qarşıdakı aylarda neft qiymətlərinin artan dinamika ilə davam etməsi bir qədər şübhə altına düşür".

Ekspert qeyd edib ki, neftin qiymətinin artmasına müsbət impuls verən bir neçə səbəb var: "Yaxınlarda OPEC və qeyri-OPEC dövlətlərinin Vyana keçirilən toplantısında qlobal neft bazarın tənzimlənməsi və idarə edilməsi ilə bağlı 2021-ci ilin ilk 3 ayında hazırkı kəsintilərin qüvvədə qalacağına dair ümumi razılıq var idi. Avqust ayından başlayaraq dekabrın sonuna kimi sutkalıq neft kəsintisi 7.7 milyon barel idi. Əməkdaşlıq bəyannaməsində qəbul olunmuş qərara görə, 2021-ci ildə OPEC və qeyri-OPEC ölkələrinin ümumi kəsintisi 5.8 milyon barel olmalı idi. Belə olan halda, hazırkı kəsintilərin 2021-ci ilin birinci və yaxud ikinci kvartalına kimi uzadılması neft bazarlarına müsbət impuls verdi.

Bazarda neftin qiymətinə təkan verən digər bir amil isə COVID-19 epidemiyasının lokallaşdırılması ilə bağlı səhiyyə tədbirlərinin gücləndirilməsidir. Son məlumatlara görə, bu ilin dekabrından başlayaraq kütləvi peyvəndləmə prosesinə start veriləcək. Bu da neftin qiymətinin artmasına təkan verən amildir".

Analitik hesab edir ki, sadalanan müsbət faktorlara baxmayaraq neftin qiymətini təhdid altına alan kifayət qədər məqamlar da var: "Liviyada sutkalıq neft hasilatı 1.2 milyon bareli keçib. Nəzərə almaq lazımdır ki, Liviyada neft hasilatının durmadan artması və Aralıq dənizindəki satış bazarlarını sürətlə ələ keçirməsi, digər yüngül neft ixrac edən ölkələrinin ticarət bazarını da təhdid atına alacaq. Bazarda tələbatdan artıq 1 milyon barel neft həcmləri daxil olur. Buna görə də neft bazarlarının tənzimlənməsində çox ciddi problemlər yaranacaq".

Zəfər Vəliyevin sözlərinə görə, əməkdaşlıq bəyannaməsi çərçivəsində OPEC və qeyri-OPEC ölkələrinin hasilat kvotalarına doğru-düzgün əməl etmələri də sual altındadır: "Nigeriya, Qazaxıstan, İraq kimi hasilatçı ölkələr əvvəlki aylarda gündəlik hasilatda artıq həcmlərə yol veriblər. İndi onların kompensasiya endirimlərinə ehtiyac var. Bu dövlətlərin heç biri kompensasiya endirimlərinə hələ də tam əməl edə bilmir.

Hesab edirəm ki, tələbatdan artıq neft həcmlərinin qarşısını almaq üçün hazırkı gündəlik hasilat kəsintilərini ilə bağlı qərarın müddətini gələn ilin üçüncü rübünə qədər uzatmaq lazımdır. Hazırda neft daşıyan tankerlərdə (üzən anbarlar) 156 milyon bareldən çox neft həcmləri mövcuddur. Stasionar anbarlarda da tələbatdan artıq neft həcmləri var. Bütün bu faktorlar neftin qiymətinin uzun müddət sabit qalmasını və ən əsas da bazarda tələb-təklif balansının qorunub saxlanmasını təhdid altına alır.

Ona görə də OPEC qarşıdakı aylarda hasilat kəsintiləri ilə bağlı mövcud qərarı uzatmalıdır. Çünki hazırda neft və neft məhsullarına olan tələbat kifayət qədər aşağı səviyyədədir. Bu gün iqtisadi və işgüzar əlaqələr də aşağı həddədir. Artıq bir çox ölkələr yenidən sərt karantin tədbirlərinə keçiblər".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər