“Yuvarlaq rəqəmlərlə götürsək bu il Neft Fondunun gəlirləri 7,8 milyard manat, xərcləri isə 12,5 milyard manat olacaq - 4,7 milyard manat kəsir yaranacaq. Bu, ciddi rəqəmdir”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, 2021-ci ilin büdcəsi hələ parlamentə təqdim edilməyib: “Səbəbi məlumdur - Ordumuzun əks-hücum və işğaldan təmizləmə əməliyyatı uğurla başa çatdı, Vətən torpaqlarının böyük hissəsi işğaldan azad edildi. Deməli, gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Yəni gələn il büdcə xərcləri ciddi artmalıdır - bunun üçün isə tək bir mənbə var, o da Neft Fondudur”.
Natiq Cəfərlinin sözlərinə görə, bu il iqtisadiyyat 4-4,5 faiz daralacaq: “Ümumi daxili məhsul (ÜDM) azalacaq, biznes çox ağır durumda olduğundan gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq, insanların alıcılıq qabiliyyəti düşdüyü üçün gömrükdən də daxilolmalar azalır-azalacaq.
İqtisadiyyatın "ağardılması" hesabına son 3 ildə hər iki istiqamətdə daxil olan vəsaitin artımı artıq öz effektini itirdi - nə qədər mümkün idisə o qədər "ağartdılar", deməli, daxili potensial artmalı, əlavə gəlir yaranmalıdır ki, vergi-gömrük daha çox pul yığsın, bu isə 2021-də mümkün deyil”.
Analitik hesab edir ki, əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15 faiz artacaqsa, deməli, gələn il Neft Fondundan 4-5 milyard əlavə pul götürülməlidir: “Yəni, Fonddan azı 17 milyard manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 milyard dollar edir. 2021-ci ildə Fond, ən yaxşı halda 8 milyard manat qazanacaq. Deməli, Fondun 2021-ci il kəisri 9 milyard manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü Fondun üzərinə yıxsaq bu dayanaqlı model olmayacaq.
Yüngül devalvasiyaya gedib (15-20%) Fondun dollar ehtiyatlarına bir az qənaət etmək lazımdır. Paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır - şəxsən mən başqa yol görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik. Bunun üçün isə tək Neft Fondu kifayət deyil”.