“Yanacaq məhsullarının qiymətlərindəki artımının iqtisadi təsirini minimumlaşdırmaqla bağlı hökumət tərəfindən dəstək paketlərinin həyata keçirilməsi gözlənilir”.
Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, dizel yanacağının qiymətinin artması ən çox aqrar və nəqliyyat sektoruna təsir edir: “Kənd təsərrüfatında fermerlərə verilən subsidiya məbləğinin artırılması həyata keçiriləcək. Artıq bununla bağlı ilkin müzakirələr gedir və dizel yanacağının qiymətindəki artım faizinə uyğun olaraq bu təsirlərin minimumlaşdırılması məqsədilə subsidiya məbləğinin artırılması həyata keçiriləcək. Nəticədə fermerlər 2021-ci ildə daha böyük məbləğdə subsidiya əldə etmək imkanı qazanacaq. Bu da təbii ki, dizelin qiymətindəki artımların fermerlərə, eləcə də kənd təsərrüfatı məhsullarının xərcinə, o cümlədən qiymətinə təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır”.
Vüqar Bayramovun sözlərinə görə, ictimai nəqliyyatda tariflərin qorunub saxlanması üçün bu sektorda fəaliyyət göstərən sahibkarlara da dəstək paketi təqdim olunacaq: “Bununla bağlı paketin yanvarın sonunadək təqdim olunması gözlənilir. Məqsəd ondan ibarətdir ki, dizel yanacağının qiymətindəki artımların bu sektorda çalışan sahibkarların xərclərini minimumlaşdırmaq mümkün olsun.
Hökumət tərəfindən dizel yanacağındakı qiymət artımlarının digər sektorlara təsirlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı fəaliyyət həyata keçiriləcək. Hökumət yanacağın qiymətindəki iqtisadi təsirləri minimumlaşdırmaqla bağlı siyasəti davam etdirəcək. Bu isə ondan xəbər verir ki, dizelin qiymətindəki artımların iqtisadi təsirləri dövlət tərəfindən kompensasiya olunacaq və dəstək paketi vasitəsi ilə minimumlaşdırılacaq”.