24 Fevral 2021 22:13
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son illər iqtisadiyyatın xərçəngi hesab olunan staqflyasiya (durğunluq) təhlükəli hal alıb. Əslində iqtisadiyyat üçün deflyasiya inflyasiyadan daha təhlükəlidir. Deflyasiya inflyasiyanın əksi olaraq, mal və xidmətlərin azalmaması halında qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir. Amma staqflyasiya (durğunluq) heç biri ilə müqayisə olunmayacaq dərəcədə təhlükəlidir”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Elman Sadıqov deyib.

O hesab edir ki, inflyasiyaya deflyasiya nisbətən daha uzun sürür və daha ağrılıdır, amma dağıdıcı deyil: “Məsələn, Yaponiya deflyasiyadan əziyyət çəkir, durğunluq yaşayır, monetar, fiskal və proteksionist siyasətlərlə mənfi təsirləri yumşaldır, inkişafı davam edir. Staqflyasiya isə dağıdıcıdır, öldürücüdür. Çünki özündə iki problemi birləşdirir - inflyasiya və işsizlik. Bunlardan birinin müalicə tədbirləri digəri üçün əks-təsirə malikdir, digərini daha da sürətləndirir və dərinləşdirir.

Məsələn, ağır şəkər xəstəsi mədə əməliyyatı olunmalıdır. Böyük ehtimalla əməliyyat olunarsa şəkərdən, olunmazsa mədə səbəbindən öləcək. Staqflyasiya o qədər təhlükəlidir ki, əlində başqa ölkələrlə müqayisə olunmayacaq qədər monetar, fiskal, proteksionist siyasət alətləri olan ABŞ uzun müddət bu xəstəliklə mübarizə apardı, qarşılığını da ağır ödədi.

Şərqi Asiya ölkələrinin bəziləri (Yaponiya, Cənubi Koreya) bu xəstəlikdən çıxa bilsələr də, bir çoxu (Vyetnam, Laos, Banqladeş və sair) bu bəladan qurtula bilməyərək səfalətə düşdülər. Latın Amerikası ölkələrində isə bu böhrandan çıxa bilməməyin nəticəsi xroniki hal alan, az qala hər on illikdə təkrarlanan iqtisadi və maliyyə böhranları oldu”.

Elman Sadıqov deyir ki, heç bir böhran ona faciə, çıxış yolu olmayan bir hadisə kimi təsir bağışlamır: “Böhran gələrkən səsi-küyü böyük olur. Staqflyasiya isə gizlin inkişaf edir, iqtisadiyyatın demək olar ki, bütün sahələrinə metastaz verir, iş-işdən keçəndə üzə çıxır.

Staqflyasiyanın digər bir xüsusiyyəti də özü-özünü sürətləndirməsidir. Zərgər dəqiqliyi, yüksək peşəkarlıq tələb edilir ki, həm inflyasiyanı hiperinflyasiyaya keçirmədən, əhalinin və dövlətin gəlirlərini, fondları əritmədən işsizlik, investisiya məsələlərini həll edəsən, həm də bu inflyasiyanı boğmaq mümkün olsun.

Durğunluq bir tornado kimi seçim etmədən bütün sahələri vurur, gəlirləri məhv edir, fondları əridir, mikro və makroiqtisadiyyatı birlikdə (bir-birlərinə yardım etmək şansı vermir, əksinə tələ yaradır) müflis edir. İstənilən maliyyə, iqtisadi, inflyasiya, deflyasiya və sair böhranlardan fərqli olaraq staqflyasiyadan sonra iqtisadiyyatın əvvəlki vəziyyətinin bərpası, davamı mümkün olmur. Tamamilə yeni mənzərə yaranır. Staqflyasiya çox ağır iqtiadi xəstəlik olduğu qədər həm də nadir hallarda baş verir.

Post-pandemiya dövründə inkişaf etmiş ölkələrin heç də hamısı staqflyasiyaya düşməyəcək. O ölkələr bunun nə olduğunu bilirlər. Həm də həmin ölkələr bu riskləri digər ölkələrə transfer edərək özləri yan qaça biləcəklər”.

Bəs staqflyasiyanın ilkin simptomları hansılardır?

İqtisadçı deyir ki, təkrəqəmli inflyasiya olduqda, adətən, iqtisadi aktivlik artır, investisiyalar gəlir, iş yerləri açılır: “Amma hansısa səbəblərdən işsizlik artır, investisiyalar azalır. Alıcılıq qabiliyyəti aşağı düşür, qiymətlər düşmək əvəzinə artır. Çünki inflyasiyaya təsir edən əsl məsələlər diqqətdən kənarda qalıb. İnflyasiya səbəbindən büdcə xərcləri artır. Bəzi ölkələr xərcləri artırmamaq üçün maaş, pensiya və təqaüdləri heç artırmamış azaldırlar. Bu da durğunluğu dərinləşdirən amillərdən biridir.

Hətta bu halda məcburən infrastruktur layihələri, investisiyalar, satınalmaların məbləği inflyasiya nəticəsində artdığı üçün büdcə xərclərinin artımı qaçılmaz olur. Büdcə xərclərini qarşılamaq üçün büdcə gəlirlərini artırmaq məqsədilə iqtisadi dəyər qazandırmadan yaranan ödəmələr (gömrük, cərimə və sair) artır. Bu da alıcılıq qabiliyyətini, xərcləmələri azaldır.

Dövlət büdcə xərclərini ya daxili, ya xarici borclanmalar, ya da fondlardan trasfer hesabına həll etməyə çalışır. Büdcə gəlirlərini artırmağa yönələn tədbirlər investisiyaları azaldır, iqtisadi mühiti boğur, dövlət investisiyaları, biznes mühitini nə qədər artırmağa, təşviq etməyə çalışırsa, əks-effekt verir. Müəssisələr bağlandıqca, ixtisarlar artdıqca işsizlik böyüy, amma qiymət artımı dayanmır.

Çünki qiymət artımına səbəb olan məsələlər böhran zamanı obyektiv təhlil olunmur. Bu dəfə dövlət inflyasiyanı boğmaq üçün monetar alətləri işə salır. Pul kütləsi azaldılır, faizlər artır. Nəticədə investisiyalar azalır, pul kütləsinin azalması borc münasibətlərinə mənfi təsir göstərir”.

Elman Sadıqov bu iqtisadi mənzərədən çıxış yolunun olduğunu da bildirib: “İqtisadi durğunluqdan çıxış yolunun digər böhranlardan çıxış yolları ilə fərqli və oxşar cəhətləri var. Amma fərqli cəhətlər daha çoxdur. Birini qeyd edim. Məsələn, gömrüyün fiskal siyasətin tərkib hissəsindən çıxarılıb proteksionist siyasətin tərkib hissəsinə daxil edilməsi. Bir sıra məsələləri həll edə biləcək bu faydalı addımı atan ölkələr staqflyasidan uğurla ya yan keçmiş, ya da ilkin əlamətləri yumşaldaraq vəziyyətdən daha az zərərlə çıxmışlar.

Post-pandemiya dövründə ölkələrin inkişafı çox fərqli olacaq. Elə indiki peyvəndləmə prosesində ölkələr arasındakı tamamilə fərqli göstəricilər və ədalətsizliklər kimi... Hələ 100-dən çox ölkədə bir peyvənd belə vurulmayıb. Bir çox ölkələr inflyasiya, az bir hissəsi deflyasiya, bir hissəsi staqflyasiya, bir hissəsi də xroniki böhran vəziyyəti ilə üz-üzə qalacaqlar. İqtisadi inkişafda sıçrayış əldə edənlər də olacaq. Hansı yolda getmək isə hər bir ölkənin öz seçimidir”.


Müəllif: Yeganə Oqtayqızı