OPEC-ə üzv və qeyri-üzv ölkələrin neft hasilatının azaldılmasına dair son qərarı ilə gələn ay neftin qiyməti 70-75 dollar olacaq.
Teleqraf.com xəbər verir ki, belə proqnozla Şotlandiyadakı “Wood Mackenzie” tədqiqat şirkəti çıxış edib.
Şirkətin açıqlamasına görə, qlobal neft ehtiyatlarının aprel ayına qədər azalması gözlənilir. Qlobal neft tələbinin keçən ilə nisbətən bu il gündəlik 6 milyon 300 min barel artacağı proqnozlaşdırılır.
Rusiya və Qazaxıstanın hasilatındakı cüzi artımlar istisna olmaqla “OPEC+” ölkələrinin aprel ayında istehsalı artırmaması, yaz mövsümünün yaxınlaşması ilə neft ehtiyatları gündəlik 1 milyon bareldən çox azala bilər. OPEC-in qərarından sonra neft ehtiyatlarında gözlənilən azalma tələb-təklif arasında tarazlığı təmin edəcək.
“Wood Mackenzie”nin nümayəndəsi Ann-Louise Hittle bildirib ki, proqnozlarla hərəkət etmək əvəzinə neft tələbinin bərpa olunmasını gözləməyə üstünlük verən OPEC-in istehsal kəsintisinin bir ay daha uzadılması qərarı bazarlarda qarışıqlığa səbəb olub: “OPEC-in qəbul etdiyi qərarın əksinə olaraq, tələb-təklif arasındakı tarazlığın daralması səbəbi ilə bazarlarda hasilatın əhəmiyyətli artımı gözlənilir. Açıq görünür ki, OPEC tələbin bərpası üçün ehtiyatlı davranmağa qərar verdi".
Şirkət rəsmisi qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ikinci rübündə neftə olan tələbatda gündəlik təxminən 14 milyon barel bərpa gözlənilir: "Aprel ayında hasilatın azalması ilə tələb artacaq, qiymətlərdəki yuxarı təzyiq davam edəcək. Bu il tələbdə gündəlik hasilatın 6 milyon 300 min barelədək artması gözlənilir. Bunun əksinə olaraq, şirkət qlobal neft təklifinin gündəlik 1 milyon 500 min bareldən daha az artacağını təxmin edir. Buna əsasən, bazar ilin qalan hissəsi üçün sabit bir eniş dövrünə girir”.