“Pandemiyanın qlobal və milli səviyyələrdə təsirlərinə baxmayaraq ötən il Azərbaycan tarixində zəfər ili kimi qaldı. Bütövlükdə 2020-ci ildə pandemiyanın xarici faktor kimi təsirlərini nəzərə alsaq iqtisadi nəticələr məqbul qiymətləndirilə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Azərbaycan hökumətinin 2020-ci il üçün fəaliyyət hesabatı ilə bağlı təqdim etdiyi çıxışında bir sıra məqamlara xüsusi diqqət ayrılmasını təklif edib:
“Pandemiya təsirləri fonunda qeyri-neft sektoruna sərmayə qoyluşlarının azalması gözlənilən idi. Bir sıra ölkələr bu dövrdə daxili maliyyə mənbələrinə üstünlük verdilər. Bununla yanaşı, əsas kapitala yönəldilmiş vəsaitlərin maliyyə mənbələri üzrə strukturda bank kreditlərinin payı cəmi 6.2 faiz olub. Bu isə ondan xəbər verir ki, hələ də kommersiya bankları sərmayə qoyluşlarında xüsusi paya malik ola bilmirlər.
Digər tərəfdən, ixrac bazaranın şaxələndirilməsi ilə bağlı aparılan tədbirlərə baxmayaraq, hələ də qeyri-neft ixracatında yeni bazarların payı azdır. Belə ki, ötən il ümumi qeyri-neft ixracatının 60 faizinə yaxını 2 ölkənin payına düşüb. Bu isə xarici şokların aktiv olduğu dövrdə qeyri-neft ixracatında dayanıqlığı azaldır”.
Vüqar Bayramovun sözlərinə görə, pandemiya səbəbindən büdcə xərcləmələrində icra ilə proqnoz arasında fərqin olması da gözlənilən olub:
“Bu baxlmdan da ötən il proqnozlaşdırılan xərclərin 3.9 faizi xərclənməyib. Xüsusən bu dövrdə nəzərdə tutulan kütləvi tədbilərin keçirilməməsi və ya onlayn təşkil edilməsi bu xərcləmələrə təsir göstərib. Bununla yanaşı, təhsil xərclərinin 6.7 faiz xərclənməməsi müzakirə oluna biləcək məsələlərdəndir. Bu istiqamətlər xərclərin struktrunun dəyişdirilməsi və həmin sektorların fiskal baxımdan daha çox dəstəklənməsi məqsədəuyğun olardı”.
Analitik deyir ki, ötən il Dövlət Neft Fondunun vəsaitlərinin idarəedilməsindən 1 milyard 164 milyon dollar vəsait daxil olub:
“Manat ifadəsində fondun bu istiqamət üzrə daxilolmaları əvvəlki il ilə müqayisədə 390 milyon manat artsa da, dollar ifadəsində 45 faiz və ya 968 milyon dollar azalıb. Pandemiya dövründə bir sıra beynəlxalq bazarlarda volatillik yüksək olsa da, bu suveren fondların daha çevik investisiya siyasəti həyata keçirməsinə daha da aktuallaşdırıb.
Bundan əlavə, 2020-ci ildə maliyə sektorundakı aktivlərin cəmi 0.1 faizi investisiya şirkətlərinin payına düşüb. Bu isə ondan xəbər verir ki, hələ də investisiya şirkətləri maliyyə sektorunda təsirli steykholderlərdən (mənfəət sahibi) hesab olunmur”.
Deputataın diqqət çəkdiyi digər məqam isə ödənişlərin əsasən nağd formada aparılması ilə bağlı olub: “Dövriyyədə olan ödəniş kartlarının sayının ötən il əvvəlki il ilə müqayisədə 7.5 milyon əddədən 9.6 milyon ədədə yüksəlməsinə baxmayaraq, hələ də ödənişlər əsasən nağd formada aparılır.
Həmçinin, 2020-ci ildə qeydiyyatsız evlərin inventarlaşdırlması ilə bağlı işlər sürətlənsə də, hələ də o tikililərin sənədləşdirilməsi məsələsi həll olunmayıb. Bu isə həmin evlərin aktiv olaraq döviyyəyə cəlb edilməsi, o evlər üzrə büdcə daxilolmalarına təsir göstərir.
Eyni zamanda 2020-ci ildə maliyyə nəzarətinin daha da təkmilləşdirilməsi nəticəsində 89 milyon 239 min manat artıq və əsassız ödənişlər müəyyən edilib. Bu kifayət qədər pozitiv haldır. Bununla yanaşı, gələcəkdə belə əsassız xərcləmələrin olmaması üçün hökumət tərəfindən risk analizi aparılıbmı və ya hansı yeni innovativ nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulub?
O cümlədən pul kütləsinin vəziyyətinin mühüm göstəricisi M2-nin ümumi daxili məhsula (ÜDM) nisbəti və dəyşməsidir. Ötən 3.5 milyard manatlıq dəstək paketlərinin reallaşmasına rəğmən M2 aqreqatı cəmi 11.3 faiz artıb. Halbuki 2019-cu ildə bu rəqəm 24.5 faiz idi. Bu dəyişmələrə 2019-cu ildə pul bazasındakı artımların hansı təsirləri olub?
Nəhayət, təmsil etdiyim Füzuli rayonun Qayıdış qəsəbələrində illərdir ki, içməli su problemi vardır. Bəzi qəsəbələrdə su təminatı ümumiyyətlə yoxdur. Müvafiq dövlət qurumlarına dəfələrlər müraciətimizə baxmayaraq təəssüf ki, bu istiqamətdə real addımlar atılmayıb. Bu problemin həllinə dəstək olmağı Baş nazirdən xahiş etdim”.