Alman hava yolu şirkəti “Lufthansa Group” ilk rübdə xalis zərərinin 1,05 milyard avroya qədər azaldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, şirkət zərərin koronavirus (COVID-19) epidemiyası səbəbindən qlobal səyahətə qoyulan məhdudiyyətlərdən qaynaqlandığını bildirib.
“Lufthansa Group”un açıqlamasına görə, keçən ilin birinci rübündə 6,4 milyard avro olan gəlir 2021-ci ilin birinci rübündə 2,6 milyard avroya düşüb.
2020-ci ilin eyni dövründə şirkətin zərəri 2,1 milyard avro olmuşdu.
“Lufthansa”nın əməliyyat xərcləri yanvar-mart aylarında 2020-ci ilin eyni dövrünə nisbətən 51 faiz azalaraq 4 milyard avro olub.
Qeyd edək ki, “Lufthansa” COVID-19 səbəbindən iflas nöqtəsinə gəlmişdi. Alman hökuməti 2020-ci ilin iyun ayında 9 milyard avroluq xilasetmə paketi təqdim edərək şirkəti iflasdan qurtardı.
Şirkət hava nəqliyyatı sektorundakı tələbin azalması səbəbindən 22 mindən çox işçisini ixtisara salacağını açıqlamışdı.