Azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə reallaşır. Bu, bir reallıqdır ki, həmin ərazilərə qayıdış, yeni layihələr, yenidənqurma işləri çox böyük vəsait tələb edir. Pandemiyanın və müharibənin yaratdığı sıxıntılara baxmayaraq bu ərazilərdə bərpa və inkişaf işləri ilə yanaşı, müxtəlif innovasiyalar da tətbiq ediləcək. Artıq Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı şəhər” və “Ağıllı kənd” pilot layihəsinin təməli qoyulub. “Ağıllı kənd” pilot layihəsi əsasən 5 komponent üzrə icra ediləcək - yaşayış, istehsal, sosial xidmətlər, “Ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri.
İqtisadçı-alim Vüsalə Əhmədova Teleqraf.com-a işğaldan azad olunmuş ərazilərdə bu cür layihələrin tətbiqinin faydalarını və nə dərəcədə səmərəli olduğunu şərh edib.
O bildirib ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” tipli yaşayış məntəqələri adından da göründüyü kimi, daha rahat idarəolunan, mərkəzləşdirilmiş kommunikasiya ilə təchiz edilmiş, vətəndaşların sosial xidmətlərə əlçatanlığına şərait yaradan müasir şəhərsalma üsuludur: “Hazırda kənd yerlərinin rəqəmsal transformasiya yolu ilə davamlı inkişafına nail olmaq bütün dünyada əsas diqqət mərkəzindədir. Hərtərəfli rəqəmsal transformasiya kəndlərimizin inkişafına da əhəmiyyətli dərəcədə təkan verə bilər və kənddən şəhərə köçün qarşısını ala bilər.
İşsizlik, aşağı gəlir səviyyəsi, zəif infrastruktur, kənd-şəhər əlaqəsindəki çətinliklər kəndlilərin üzləşdiyi ən ciddi problemlərdir. Yoxsulluğun köklü səbəbləri ilə mübarizə aparmaq üçün isə kənd təsərrüfatını yüksək texnologiyalarla inkişaf etdirmək, sosial-iqtisadi şəbəkələr yaratmaq, şəhər-kənd əlaqələrini sürətləndirmək vacibdir. Kiçik sahibkar ailələrin, xüsusən də, gənclərin cəlb olunduğu təsərrüfat sahələrinin qurulması prioritetdir. “Ağıllı kənd” konsepsiyası məhz kənd və qəsəbələrin rəqəmsal trasformasiyaya inteqrasiya olunması deməkdir”.
İqtisadçı deyir ki, “Ağıllı kənd” (smart village) konsepsiyasının əsas məqsədi müxtəlif sektorlar üzrə rəqəmsal transformasiyaya nail olmaqdır: “Məsələn, istər səhiyyə və bank sektoru, istər təhsil, məşğulluq, kənd təsərrüfatı sahəsində, o cümlədən, hüquq-mühafizə orqanlarında yeni hazırlanmış tətbiqlər və xidmətlər yaratmaq. Düşünürəm ki, bütün bu sahələr üzrə rəqəmsal texnologiyalara inteqrasiya kəndlilərin həyatına öz təsirini göstərəcək və zamanla onları rəqəmsal vətəndaşlara çevirəcək.
Məqsəd kənd təsərrüfatını texnologiyaların yardımı ilə inkişaf etdirmək və yeni nəsil kənd həyatı yaratmaqdır. Məsələn, dronlarla torpaq ərazilərinin ölçülməsi, əkin sahələrində sensorların quraşdırılması və sensorlar vasitəsilə smartfonlara ötürülən informasiyalarla əkin tarlalarının izlənməsi və s. Bu bir tərəfdən əkinçilik və heyvandarlıqda səmərəliliyin yüksəldiməsinə xidmət edəcək, digər tərəfdən də ətraf mühitin qorunması və ekoloji təmizlik təmin olunacaq, o cümlədən, kənd yerlərində yaşayanların sosial həyat şəraiti yüksəldiləcək.
“Ağıllı kənd” konsepsiyasında internet tətbiqi sayəsində suvarma, gübrələmə, inkubasiya və donvurma prosesləri, südçülük və arıçılıq təsərrüfatları, istixanalar, pedometr və erkən xəbərdarlıq sistemləri uzaqdan idarə olunaraq fermerlərin işi asanlaşdırılır. Erkən xəbərdarlıq sistemlərində istifadə olunan xüsusi proqramlar sayəsində tarlaya getmədən də əkin sahələrindəki proseslərdən xəbərdar olmaq mümkündür. O cümlədən, mobil telefonla istənilən gün və saatda uzaqdan idarəetmə ilə suvarma işləri həyata keçirilə bilir. Bununla da gərəksiz dərmanlamanın və ya su itkisinin qarşısı alınaraq fermerlərin zamanında və lazımi tədbir görməsi təmin olunur”.
Layihənin maliyyələşdirilməsinə gəlincə, analitik ən optimal variantın startupların elan edilməsi və bu sahəyə yerli və xarici investorların cəlb olunmasıda görür: “İlk növbədə ”Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrində böyük investorlarla kənd təsərrüfatında işləyənlərin bir araya gətirilməsi təmin olunmalıdır”.
Məlumdur ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar üstünlük təşkil edir. Bu mənada həmin ərazilər icarəyə veriləndən sonra ölkəmizdə məhsul bolluğunun olacağı gözlənilir.
Məlumat üçün bildirək ki, Azərbaycan ildə dünya bazarlarına 1 milyard dollara yaxın (926 milyon dollarlıq) kənd təsərrüfatı və emal olunmuş kənd təsərrüfatı məhsulları ixrac edir. Mütəxəssislər hesab edir ki, ölkənin dünya bazarında daha yüksək pay almasının yolu əlavə dəyər və marka yaratmaqdan keçir. Dünyada qida bazarında əhəmiyyətli rola sahib olmaq üçün yalnız istehsalçı olmaq deyil, həm də tanınmış və etibarlı markalar yaratmaq lazımdır. Azərbaycan pomidor, fındıq, xurma, eləcə də bir çox kənd təsərrüfatı məhsullarının istehsalında öncül olsa da, bazarı başqa ölkələr müəyyənləşdirir.
Maraqlıdır, ölkəmizdə kənd təsərrüfatında markalaşdırma hansı səviyyədədir?
Alimin sözlərinə görə, markalaşdırma zəhmətli bir proses olmasına baxmayaraq, məhsul və xidmətlərin dəyərini artıracaq əsas strategiyadır: “Marka - sadə dillə desək, həmcins məhsulları bir-birlərindən fərqləndirən xüsusiyyətlərdir. Hazırda ölkəmizdə kənd təsərrüfatı üzrə markalaşma səviyyəsi aşağı olduğu üçün xarici bazarlara çıxışımızda maneələr yaranır.
Kənd təsərrüfatı məhsullarının uğurlu markalaşdırılmasında şübhəsiz ki, ilk ağla gələn ölkə məhz Fransadır. Bu ölkədə kənd təsərrüfatı məhsullarının markalanması bölgənin ən vacib məhsulu olan şərabdan başlayır. Uzege-Pont-du-Gard, Cote-des-Bar, Şampan, Bordo, Côte du Rhône və Luberon kimi bölgələrdə istehsal olunan şərablar istehsalçı adıyla yanaşı, bölgə adı ilə də adlandırılır və markalanır. Digər tərəfdən, məhsullara yerləşdirilən “idarə olunan mənşə nomenklaturası”, yəni AOC (Appellation d'Origine Controlée) etiketi markalanmanı təmin edən digər faktordur.
AOC etiketi şərabların müəyyən edilmiş bir bölgədə, müəyyən şəraitdə yetişdirilən üzüm növləri ilə istehsal olunduğunu göstərən bir etiketdir. Başqa sözlə, istehlakçını səhv məlumatlardan və haqsız rəqabətdən qoruyaraq keyfiyyətə zəmanət verir. 1930-cu illərdə şərabla başlayan bu sistem bu gün Fransada zeytun yağı, pendir, çörək, quş əti, dəniz məhsulları, ət, bal, yağ kimi 450 adda məhsula tətbiq olunur”.
Müsahibimiz deyir ki, kənd təsərrüfatı sahəsində Hollandiyanın marketinq və markalaşma təcrübəsi ən yaxşı nümunədir: “Şimali Avropa ölkəsi olan Hollandiya ABŞ-dan sonra dünyanın ikinci böyük kənd təsərrüfatı ixracatçısıdır. “National Geographic” araşdırmasına görə, Hollandiya 2017-ci ildə 92 milyard avro dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib. ABŞ isə bu sahə üzrə 140,5 milyard dollarla liderdir. Qeyd edim ki, Hollandiya hər məhsulu özü istehsal edərək satmır. Hollandiya digər ölkələrdən toxum, meyvə, tərəvəz, heyvan və başqa kənd təsərrüfatı məhsullarının idxalına 25,5 milyard avro xərcləyir. Daha sonra bu məhsulları emal edərək ixrac edir. Ölkənin kənd təsərrüfatı ixracının əsasını isə çiçək növləri təşkil edir. İkinci yerdə süd və süd məhsulları, üçüncü sırada ət ixracatı gəlir.
Təxminən 34 min kvadrat kilometr ərazisi olan, Azərbaycandan təxminən 2,5 dəfə kiçik Hollandiya məhz rəqəmsal texnologiyalardan istifadə edərək bu göstəricilərə nail olub. Ölkədə üzvi istehsala əhəmiyyət verilir, pestisidlərin istifadəsi demək olar ki, sıfıra bərabərdir, su istifadəsi normaldan 90% azdır. İstixana və tarlalarda dronlar və sürücüsüz traktorlardan istifadə olunur. Hollandiyada kənd təsərrüfatı məhsulları üzrə verimlilik digər ölkələrdən iki dəfə yüksəkdir. Hollandiyalı fermerlər tərəfindən hazırlanan texnologiya hazırda Çin, Hindistan, Meksika, Qana və Efiopiya da daxil olmaqla dünyanın 140 fərqli ölkəsində istifadə olunur”.
Vüsalə Əhmədova hesab edir ki, problemin qısa müddətdə həlli yolu kooperativ tipli rəqəmsal kənd təsərrüfatı yaratmaqdan keçir: “Yəni, istehsalı kooperativ metodlarla təşkil etmək, markalaşma üçün isə coğrafi göstəricilərdən istifadə etmək. Məsələn, hər hansı bir bölgə bir meyvəsi ilə məşhurdur.
Götürək Göyçay narını, rəqəmsal texnologiyaların köməkliyi ilə kooperativ metodla həmin bölgədə bu məhsulun istehsalını təkmilləşdirərək markalaşdırılmasına nail olmaq mümkündür. Markalaşma daha çox ixracat, ixracat isə daha çox gəlir deməkdir. Bazar bir marka halına gətirilməzsə ixracatda çətinliklə üzləşəcəyimiz faktdır”.