Türkiyəni Asiya qitəsi ilə Avropa arasında yükdaşımalar üçün beynəlxalq əhəmiyyətli bir mərkəzə çevirəcək iki yeni marşrut müəyyənləşdirilib.
Teleqraf.com xəbər verir ki, hər iki yeni yol Türkiyə ilə Rusiya arasında nəqliyyat əməkdaşlığı sayəsində mümkün olub.
Yükdaşımalarda Türkiyə üçün ilk mühüm töhfə Rusiyada Azov dənizini Xəzər dənizi ilə birləşdirən Volqa-Don çaylarının operatoru "P&O Maritime Logistics" ilə İzmit mərkəzli "DP World Yarımca" arasında nəqliyyat müqaviləsinin imzalanması olub.
Razılığa əsasən, İzmit limanında gəmilərə yüklənəcək konteynerlər Qara dəniz, Azov dənizi, Volqa-Don çaylarının kanalı və Xəzər dənizi yolu ilə Orta Asiya respublikalarına təhvil veriləcək.
Rus operatorunun açıqlamasına görə, Orta Asiya türk respublikaları Türkiyənin ən əhəmiyyətli ixrac yollarından biridir. 2020-ci ildə Türkiyə ilə Orta Asiya ölkələri arasında ticarət həcmi 31 milyard dollar olub. Rusiyada çay kanalları ilə daşınan yüklər bürokratiyanı azaltmaqla yanaşı daha ucuz başa gələcək.
Aparılan hesablamalara görə, Asiyanın Uzaq Şərq ölkələrindən konteyner yüklərinin daşınması Sibir ərazisindən daha sərfəlidir. Uzaq Şərq ölkələrindən toplanan yüklər Rusiyanın Yaponiya dənizi sahilindəki Primorye limanına gətiriləcək və oradan Trans-Sibir dəmiryolu ilə Novosibirskə, daha sonra isə Cənubi Qafqazda Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə Türkiyəyə daşınacaq.
Süveyş kanalına alternativ yolu Danimarkanın “Maersk” logistika şirkəti artıq sınaqdan keçirməyə başlayıb. Mayın 24-də 247 konteynerdən ibarət yük Rusiyanın Primorye limanının gömrüyündən keçərək Türkiyəyə yola düşüb. Yükün Avropa ölkələrinə paylanması üçün 25-30 gün ərzində İstanbula çatması gözlənilir. Müqayisə üçün bildirək ki, Tayvan və ya Çindən yola çıxan yüklərin Süveyş kanalı ilə İstanbula çatması 40-45 gün çəkir.
Sibir üzərindən dəmiryolu nəqliyyatı ilə daşınacaq yükün qiyməti Süveyş kanalından 20 faiz ucuzdur.