8 İyul 2021 15:32
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əfqanıstanın Türkmənistan və Özbəkistanla sərhədyanı şimal vilayətlərində hərbi-siyasi durumun gərginləşməsi ucbatından İmamnazar-Akina sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayandırılıb. Nəzərə almaq lazımdır ki, İmamnazar-Akina sərhəd buraxılış məntəqəsindən Əfqanıstana Azərbaycan və Türkmənistan neft məhsulları daxil olur. Əfqanıstanda baş verənlərlə əlaqədar Özbəkistan dəmir yolları konserni də iki ölkə arasında Qələbə-eksport və Termez-eksport stansiyalarının fəaliyyətinə ciddi məhdudiyyətlər qoyub”.

Teleqraf.com xəbər verir ki, bunu enerji sektoru üzrə ekspert Zəfər Vəliyev deyib.

O bildirib ki, sərhəd məhdudiyyətinin tətbiqi Əfqanıstanda yanacaq qiymətlərinin artmasına səbəb olub: “Bazar iştirakçılarının verdiyi məlumata görə, Əfqanıstanda hərbi-siyasi durumun gərginləşməsi, eyni zamanda İranla sərhəddə yerləşən İslam-Qala sərhəd keçid məntəqəsinin də fəaliyyətinə təsir edib. Belə ki, İran neft məhsulları əsasən bu məntəqə vasitəsilə Əfqanıstan bazarına daxil olur. 2018-ci ildən başlayaraq İran neft məhsulları Əfqanıstan yanacaq-sürtgü materialları bazarında əhəmiyyətli üstünlük əldə etmişdi və bu, iqtisadi təcrid altında olan İran neft sənayesi üçün əlavə bir nəfəslik idi. İ

ran neft ixracında üzləşdiyi beynəlxalq problemlərlə bağlı özünün emalı güclərinin gündəlik xammalla yüklənməsini 1,7 milyon bareldən 2,2 milyon barelə çatdıraraq, ətraf ölkə bazarlarına neft məhsullarının ixracını əhəmiyyətli dərəcədə artırmışdı. Hətta vəziyyət o yerə çatıb ki, İran neft məhsulları iki ildir Ermənistanda Rusiya neft məhsullarını həm qiymət, həm də yükün çatdırılma müddəti baxımından əhəmiyyətli dərəcədə sıxışdırır.

Əfqanıstanda vəziyyətin nəzarətdən çıxması həm Türkmənistan, həm Azərbaycan, həm də İran neft məhsullarının Əfqanıstana tədarükünü təhdid altına alacaq”.


Müəllif: Yeganə Oqtayqızı