17 Noyabr 2021 09:32
2 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-dən ölkənin ucqar rayonlarda, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlanacağı deyilsə də, aidiyyəti qurumlar vədinə sadiq qalmayıb. Hazırda sosial şəbəkələrdə yayılan şikayətlərdən də görmək olur ki, bir sıra yaşayış binalarında, məktəblərdə, uşaq bağçalarında istiliklə bağlı məhdudiyyətlər var.

Halbuki “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev bir neçə gün əvvəl bildirmişdi ki, havaların soyuması ilə əlaqədar Azərbaycanda mənzillərə istiliyin verilməsinə vaxtından tez başlanıb. O, hətta əvvəlki illərdəki kimi problemin olmayacağının təminatını da vermişdi.

Bir neçə gün öncə “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev isə “Azəristiliktəchizat" ASC-nin “Azəriqaz”a 25 milyon manat borcu olduğunu açıqlayıb. O bildirib ki, qazın açılışının təmin olunması üçün “Azəristiliktəchizat” ASC tərəfindən “Azəriqaz” İB-yə müraciət olunmalıdır.

Görünən odur ki, iki qurum arasında yaranan milyonluq borc davasının cəzasını soyuqda qalan vətəndaş çəkəcək.

İstilik təminatında yaranan məhdudiyyətin səbəbini öyrənmək üçün Rafiq Əliyevlə əlaqə saxladıq. Qurum rəsmisi Teleqraf.com-a bildirdi ki, hazırda “Azəristiliktəchizat”ın bütün mənbələri işləyir:

“Kimin istilik təchizatı ilə bağlı nə sualı varsa, 956 nömrəsini yığıb öz suallarını bizə ünvanlaya bilər. "Çağrı mərkəzi" bütün sutka ərzində fəaliyyət göstərir. Konkret ünvan varsa, fərdi qaydada da araşdıra bilərik.

Doğrudur, vətəndaşlardan qazanxanaların işləməməsi ilə bağlı şikayətlər gəlir. Birinin xəttini qonşu kəsir, digərinin xəttinə hava düşür bu kimi hallardan şikayətlər var. Amma ümumilikdə bu gün nə hansısa bir məktəbdən, nə uşaq bağçasından, nə də xəstəxanadan “Azəristiliktəchizat”ın “Çağrı mərkəzi”nə heç bir şikayət daxil olmayıb.

Adətən, mövsüm təzə başlayanda belə problemlər olur. Çünki sistemdə hava qalır, tənzimləmələr olmalıdır, axırıncı mərtəbələrdən hava buraxılmalıdır ki, dövriyyə getsin. Bu tip problem hələ olacaq. Kimlərdə ki tənzimləmələr aparılmır, axırıncı mərtəbələrdən hava buraxılmır və yaxud bizə vaxtında müraciət etməyəndə texniki dəstək ləngiyir. Bu baxımdan adətən mövsüm başlayandan bir həftəyə qədər bu cür şikayətlərin sayı çox olur. Amma hazırda qazanxanaların heç birində problem yoxdur, normal qaydada işləyir”.

İşin texniki tərəfini izah edən Rafiq Əliyev qeyd etdi ki, bir qazanxananın ərazisində 150-dən çox bina var: “Bu qazanxananın da ərazisində məktəb, bağça, səhiyyə müəssisələri, o cümlədən sosial obyektlər var. Yaşayış binalarında hava yığını buraxılmalıdır, amma sakinlər onu bilmir. Bəzən bizə müraciət edilir, texniki heyət gedir ki, evdə heç kim yoxdur. Yəni qazanxanalarda tənzimləmələr, texniki proseslər müəyyən vaxt aparır.

Buna baxmayaraq hamısı nəzarətimizdədir, bütün ərazilərdən də xəbərimiz var, vəziyyətdən asılı olaraq tədbirlər görülür. Ümumilikdə “Azəristiliktəchizat" ASC 3800 yaşayış binasında 184 minə yaxın mənzilə xidmət göstərir”.

Maraqlıdır, “Azəristiliktəchizat" ASC “Azəriqaz” İB-nə olan borc problemini necə həll etməyi düşünür?

Rafiq Əliyev hazırda “Azəristiliktəchizat" ASC-nin bütün qazanxanalarının qazla təmin olunduğunu deyib: “İndiki halda qaz təchizatı ilə bağlı “Azəriqaz”la problemimiz yoxdur”.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə Teleqraf.com-a açıqlamasında, problemi nə “Azəristiliktəchizat” ASC-də, nə də "Azəriqaz" İB-də görür. O hesab edir ki, problem sovet dövründən sonra ölkəmizdə kommunal islahatların keçirilməməsindədir: “Mənzil Məcəlləsi 2009-cu ildən qüvvədədir, amma bu günə qədər tətbiq olunmayıb. Bütün problemlər buradan başlayır.

“Azəristiliktəchizat” sovet vaxtındakı məlumatları götürüb əhaliyə kütləvi borc göndərir. Məsələn, mənə 500 manata yaxın borc göndərib. Heç xəbərləri yoxdur ki, bizim evdə istilik sistemi var, ya yox. Onlar hesab edir ki, binanın içində istilik varsa, deməli, hamı sistemə qoşulub. Başlayıb binada yaşayan bütün sakinlərə borc göndərirlər.

Sovet vaxtı mənzildə neçə batareyanın qoyulmasının standartı var idi. İndi o batareyalar bəzi evlərdə var, bəzisində sökülüb, bəzisində də əvvəl 5 yerdə olan batareyanı ləğv edib 3 yerdə qoyublar. Bu gün istilik pulunun necə ödənilməsi ilə bağlı bir standart yoxdur. Bu sistemin bizim mənzildə quraşdırılması üçün dəfələrlə müraciət etsəm də, faydası olmadı. Bu sistem nəticədə nə qədər istilik istifadə etdiyimi və nə qədər ödəniş etməli olduğumu müəyyən edir.

Amma onlar 25-30 il əvvəl bizim mənzildə olan mülkiyyətçinin adına borc göndərməkdə davam edirlər. Bəzən onları da qınamıram, çünki standartları yoxdur, qiymət müəyyən olunmayıb. İndi də əhalidən pullarını yığa bilmirlər. Bir nəfərin istiliyin kəsmək üçün gərək bütün bloka məhdudiyyət qoyulsun. Bu zaman da əhali arasında narazılıq yaranır. Yəni bu, elektrik və ya qaz deyil ki, pulu ödəməyəndə abonentin təchizatını dayandırasan”.

Sahib Məmmədov hesab edir ki, binalarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri yaradılmalıdır: “Əgər binalar mərkəzləşmiş qaydada istilik təchizatına qoşulubsa, bu müştərək cəmiyyətlərlə "Azəristiliktəchizat" ASC arasında müqavilələr bağlanmalı idi. ASC yoxlayıb qiymət qoyandan sonra müqavilə üzrə pul mülkiyyətçilərinin müştərək cəmiyyətindən alınmalı idi. Nəticədə ödənilən məbləğ müqabilində istilik verilərdi. Ancaq bunların heç biri olmayıb”.

Ekspert şəhərdə tikilən binaların çoxunda ümumiyyətlə, mərkəzləşmiş istilik sisteminin olmadığını diqqətə çatdırdı: “Binanı tikənlər də adlarını “Mənzil İstismar Sahəsi” qoyub sakinləri idarə etməkdə davam edir. Ümumiyyətlə, bütün problemin kökündə dövlət səviyyəsində kommunal islahatların olmaması durur. Kommunal siferada özbaşınalıq davam edir. "Azəristiliktəchizat" “Jek”lərə abonentlərdən pulu yığmağı tələb edir. Onlara da pul ödəyən yoxdur, nəticədə borc əmələ gəlir. Əhali istiliyin verilməsi üçün təzyiq göstərir. Yuxarılardan "Azəriqaz”a göstəriş verilir ki, borcun olmasına baxmayaraq qazı təchizatın təmin et. Nəzərə almaq lazımdır ki, "Azəriqaz” İstehsalat Birliyi qazı topdan alır və satıb pulunu “Azərkontrakt” ASC-yə ödəməlidir. Əks halda onlara qaz verilmir. Məsələlər bir-birinə zəncirvari bağlıdır.

"Azəriqaz" borcu ala bilməyəndə özünün topdansatış qurumuna borcu yığılır. Nəticədə topdansatış qurumunun da qazı hasil edən SOCAR, BP kimi şirkətlərə borcu yığılır. Bir sözlə, məsələ iki idarə səviyyəsində həll olunası bir problem deyil”.

Məlumat üçün bildirək ki, ümumilikdə 554 qazanxanadan 184 minə yaxın mənzilə, 281 məktəbə, 160 uşaq bağçasına, 161 səhiyyə müəssisəsi və 1980 sosial obyektə istilik verilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər