25 Noyabr 2021 17:30
2 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyəyə 10 milyard ABŞ dolları investisiya ayırıb. Bu barədə noyabrın 24-də BƏƏ Dövlət İnvestisiya Fondu, Türkiyə Rifah Fondu və Türkiyə Prezident Administrasiyası yanında İnvestisiya İdarəsi arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

İqtisadçı Rəşad Həsənov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Rəşad bəy, sizcə, məlum investisiya Türkiyəni xilas edəcəkmi və hansı təsirləri olacaq?

- Xilas etməkdən söhbət gedə bilməz. Çünki xilasetmə çox böyük anlayışdır. Türkiyəni xilas etmək üçün sadəcə 10 milyard dollara ehtiyac olsa, bir neçə zəngin adam müvafiq yardımı edər, bununla da xilas olunar. Hazırda ölkə iqtisadiyyatının həm obyektiv, həm də subyektiv problemləri var. Bu investisiya qısamüddətli dövrdə psixoloji təzyiqlərin müəyyən qədər səngiməsinə səbəb ola bilər.

Yaxın dövrlərdə, bəlkə də 5 il ərzində ölkəyə xarici valyuta axını ilə bağlı ehtimallar güclənir. Bu da bazarda təklifə öz təsirini göstərəcək. Yaranmış qənaət bazarda müəyyən qədər psixoloji sakitliyin bərpasına gətirib çıxarır.

Türkiyənin tədiyyə balansında profsitlər var. Bu, müxtəlif illərdə təxminən 40-80 milyard dollar arasında olub. Bu aspektdən baxanda 10 milyard dollar tam olaraq xilasetmə deyil. Türkiyə iqtisadiyyatının problemi də sadəcə tədiyyə balansında olan profsit, TL-nin dəyərsizləşməsi və sair deyil. Burada kifayət qədər fərqli institutsional və idarəetmə problemləri var.

Eyni zamanda bu proseslərin də kompleks şəkildə idarə edilməsi istiqamətində konkret mövqe ortaya qoyulmalıdır.

- Hansı təbii proseslər baş verməlidir ki, lirə-dollar balansı bir qədər normallaşsın?

- Ümumiyyətlə, lirə dollara münasibətdə yox, bütün valyutalara münasibətdə ucuzlaşır. Əgər Türkiyə cəmiyyəti davamlı həll axtarırsa, o zaman mövcud sistemin dəyişilməsi istiqamətində konkret referenduma gedilməlidir. Türkiyə güclər bölgüsü mövcud olan idarəetmə modelinə keçməlidir. Türkiyədə məhkəmələrin, medianın, vətəndaş cəmiyyətinin müstəqilliyi təmin olunmalıdır. Mərkəzi Bank müstəqil institut kimi fəaliyyət göstərməkdə, maliyyə və xəzinə humanistliyi ilə paralel, həmçinin əks mövqedə dayanmaqla inflyasiya və məzənnə təzyiqləri istiqamətində öz mövqeyini ortaya qoymalıdır və icra hakimiyyəti institutu buna müdaxilə etməməlidir.

İxrac potensiallı, ixracın inkişafı daha çox, məsələn, beyin və texnologiya tutumlu, yüksək səviyyəli texnologiya məhsullarını və əlavə dəyər tutumlu məhsulların ümumi ixracda payını artırmaq istiqamətində ortaya bir mövqe qoyulmalıdır. Həmçinin hökumətin idarəteməsində şəffaflaşma prosesi başlamalıdır. Dövlət vəsaitlərinin səmərəli istifadəsi, dövlət satınalmalarında bərabərhüquqlu iştirak təmin edilməlidir. Satınalamalarla bağlı bu gün mövcud olan mexanizmlər ümumiyyətlə, tamamilə ləğv edilməlidir. Xarici investorlara güvənilir bir liman və fəaliyyət coğrafiyası olması ilə bağlı konkret mesajlar verilə bilməlidir.

Dünən BƏƏ ilə bağlanan sazişdən sonra bazarda TL-nin mövqeyində bir möhkəmlənmə oldu. Amma bu, çox qısamüddətli möhkəmlənmə idi, artıq yenidən ucuzlaşma baş verib. Çünki bunlar davamlı həllər deyil, qısamüddətli dövrdə bazarda investora psixoloji təsir göstərə biləcək faktorlardır.

- Hesab etmək olarmı ki, BƏƏ-nin məlum investisiyası Türkiyənin xaric borcunu artırır?

- Bu, investisiyadır. Xarici borc kimi məsələlər müzakirə oluna bilən məsələlərdir. İnkişaf etmiş ölkələrin xarici borcu Azərbaycanla müqayisədə daha kritik səviyyədədir. Bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun (ÜDM) iki-üçqatı qədərdir. ABŞ-dan çox xarici borcu olan ölkə yoxdur. Bu, inkişaf göstəricisi deyil, sabitlik üçün müəyyən mesaj ola bilər.

Məsələ ondadır ki, BƏƏ-dən gələn investisiya iqtisadiyyata qoyulacaq. Bu yatırım yeni iş imkanları, əlavə dəyər yaradacaq. Bunu birbaşa borclanma kimi qiymətləndirmək doğru deyil. Bu, birbaşa xarici investisiyadır. Dolayı xarici investisiyalar olduğu təqdirdə bunu müəyyən qədər borc hesab etmək olar. Çünki onun geri çəkilməsi imkanı daha çevik şəkildə mümkündür.

Bu zaman müəyyən şübhə yarandığı halda həmin investisiyanı, məsələn, səhmlərdə qiymətli kağızlarda olan investisiyanın geri çəkilməsi ilə bağlı investor təcili qərarlar qəbul edə bilir. Bu da ölkədən valyuta axınını sürətləndirməklə təzyiq yaradır. Amma indiki halda gələn investisiya birbaşa iqtisadiyyata yatırılan vəsait olması ehtimal olunur.

- Lirə bir il əvvəlki mövqeyini (1 dollar = 5.50 TL) bərpa edə bilərmi?

- İndiki halda TL-nin ötən il olan səviyyələrə çatması mümkün görünmür. Bu istiqamətdə heç bir potensialı yoxdur. Xüsusilə də məsələyə bugünkü idarəetmədən baxsaq TL ucuzlaşacaq. Çünki yanlışdan dərs çıxarmağı bacarmayan bir idarəetmə modeli var. Diktə modeli ilə iqtisadiyyatı modifikasiya etmək istəyirlər. Amma iqtisadiyyat diktəni xoşlamır, diktə olunduqca əksinə reaksiya verir. Ona görə nəinki əvvəlki səviyyəyə qayıtmaq, bu vəziyyətdə saxlamaq üçün Türkiyə çox ciddi səy göstərməlidir. Hesab edirəm ki, fevral ayına qədər 1 dollar 15 TL-yə çatacaq.

- Sizcə, Türkiyə dövriyyədə olan milli pul kütləsini azaltsa, inflyasiyanın qarşısının alınmasında effektiv olarmı?

- Normal sistemlərdə monetar siyasətlə fiskal siyasət hər zaman birlikdə uzlaşdırılır. Bu gün inflyasiyanın tək səbəbi birbaşa olaraq pul kütləsi deyil. Amma Türkiyə hökumətinin qəbul etdiyi qərarlar və pul siyasəti bu istiqamətdə yaranmış təzyiqləri daha da gücləndirir. Əlbəttə, pul kütləsinin daraldılması, sərt pul-kredit (monetar) siyasət müəyyən dövr ərzində inflyasiyanı nəzarət olunan çərçivəyə daxil olmasına səbəb ola bilər.


Müəllif: Yeganə Oqtayqızı