“Biz 2008-ci ildə sadəcə Petkimi özəlləşdirmədik. Aralıq dənizində böyük bir liman aldıq. Bunun dəyəri çox yüksəkdir. Bu özəlləşdirmə də bizim üçün bir başlanğıc oldu. Bunun sayəsində də bu yarımadada Petkimin yanında "Star" Neft Emalı Zavodunu (NEZ), SOCAR Terminal, Petkim Külək Elektrik Stansiyasını (KES) şirkətlərini qurduq”.
Teleqraf.com xəbər verir ki, bunu “SOCAR Turkiye” Neft emalı ve Neft-kimya iş birliyinin bas direktoru, eyni zamanda Petkimin baş direktoru Anar Məmmədov deyib.
Anar Məmmədov qeyd edib ki, 2008-ci ildə Petkimi özəlləşdirməklə Türkiyədə fəaliyyətimizə başladıq: “2013-cü ildə 51 meqaVatlıq KES-i qurduq. Enerjiyə keçid dövründə bunun bizim üçün çox böyük əhəmiyyəti var idi”.
O bildirib ki, 2014-cü ildə Petkimin ana fabrikası "Etilen" fabrikinin istehsal həcmində artım olub: “Bizim dizayna görə, bu fabrikin istehsal həcmi 300 min tondur. Ancaq 2014-cü ildə həyata keçirilən dəyişikliklərdən sonra istehsal həcmi iki dəfə artdı. Bu gün biz ildə 600 min ton etilen istehsal gücünə sahibik”.