17 Fevral 2022 14:37
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 35 milyard 556 milyon dollar olub. Ticarət dövriyyəsinin 23 milyard 850 milyon dollarını və ya 67,1 faizini ixrac, 11 milyard 705 milyon dollarını (32,9 faizini) isə idxal təşkil edib. Dövriyyənin müsbət saldosu 12 milyard 144 milyon dollar olub. 2021-ci ildə qeyri neft-qaz məhsullarının ixracında daha çox artımlar müşahidə olunub. Belə ki, neftdən kənar ixrac 47,2 faiz, real ifadədə 38,4 faiz artaraq 2 milyard 713 milyon dollar çatıb. Bu Azərbaycanın müstəqillik tarixində ən böyük qeyri-neft ixracatıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən bildirib ki, ixracın 41,6 faizi İtaliya, 12,7 faizi Türkiyə, 4,1 faizi Rusiya, 4,0 faizi isə İsrailin payına düşüb: “Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində isə Rusiya (32,3 faiz), Türkiyə (24,9 faiz), İsveçrə (8,3 faiz), Gürcüstan (5,8 faiz), ABŞ (2,8 faiz) ilk beşliyi formalaşdırıblar. İdxalda Rusiyaya 17.7 faizlə yenə də öndədir, Daha sonra 15,8 faizi ilə Türkiyə, 14,0 faizlə isə Çin gəlir.

Xarici ticarətdə diqqəti çəkən məqamlardan biri də bir sıra ərzaq məhsullarının idxalında artımların davam etməsidir. Belə ki, ötən il ilə müqayisədə 2021-ci ildə xam şəkər idxalı 1,9 dəfə, unlu qənnadı məmulatları – 21,4 faiz, kartof – 17,7 faiz, təzə tərəvəz – 12,4 faiz, şokolad və şokolad məhsulları – 11,5 faiz, quş əti və onun əlavə məhsulları – 3,7 faiz, təzə meyvə isə 1,1 faiz artıb. Kartof və tərəvəz kimi kənd təsərrüfatı məhsullarının idxalındakı artımlar idxal inflyasiyası yaratmaqla bu məhsullar üzrə istehlakın daxili istehsal hesabına ödənilməsinin vacibliyini bir daha gündəmə gətirir. Dünya bazarında qiymət artımlarının davam etdiyi və ərzaq qıtlığı riskinin olduğu bir dönəmdə ərzaq məhsullarının idxalının minimumlaşdırılması əsas prioritet olaraq qalmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı