İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
İSN-nin mətuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il dekabrın 11-də İsmayıllı rayonunun Qalınçaq kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən İsmayıllı rayonu üzrə sahibkarlıq subyektlərindən müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Təkliflərə 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin) yaradılması, pendir istehsalı müəssisəsinin və fermer mağazalarının yaradılması daxildir.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən bu investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Naibə QURBANOVA