Ötən gün Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 269.1-ci, 269.5-ci, 460.1-ci və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin hakimi mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Qanunun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Aktiv müzakirələrə səbəb olan qərar cəmiyyətdə “Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək” kimi yanlış bir fikrə düşüblər.
Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov sözügedən qərarı Teleqraf.com-a şərh edib.
O bildirib ki, məcəllədə heç bir dəyişiklik baş verməyib: “Konstitusiya Məhkəməsi yalnız qanunlara şərh verir, yəni özündən yeni qayda icad etmir. Bu qərar olmadan da məsələ faktiki məlum idi.
Dünəndən cəmiyyət bu məsələyə ipoteka krediti kimi şərh verilir. Amma söhbət ipotekadan gedir. İpoteka daşınmaz əmlakın girovudur. Başqa sözlə, şəxs kreditə görə evini, torpağını girov qoyur. Ola bilər şəxs özü üçün, ola da bilər ki, başqasına görə mülkünü girov qoyub.
Həmin qərarda da iki hal var. Birinci halda tutaq ki, şəxs daşınmaz əmlakını başqasının krediti üçün girov qoyur, həmin şəxs də vəfat edir. Əgər həmin şəxsin əmlakı yoxdursa, bu halda bank məhkəməyə verir, əmlakını girov qoymuş şəxsin evini tutuma yönəldir. Yəni məhkəmə girovda olan daşınmaz əmlakı hərraca çıxarır, satışdan sonra bank öz pulunu götürür.
Əgər evin qiyməti vəfat edən şəxsin borcundan azdırsa, bu zaman borcun qalan hissəsi ödənilmir, batır. Əksinə, əgər girovda olan əmlak vəfat edənin borcundan baha satılırsa, bank öz pulunu götürür, qalanını da əmlak sahibi. Burada heç nə dəyişmir. Borclu şəxs sağ ikən də borcunu verə bilməyəndə bank yenə məhkəməyə verir və girov əmlak tutuma yönəldir. Eyni məsələ həmin şəxs öləndə də baş verir”.
Hüquqşünas qərarda xüsusi olaraq öz əksini tapan vərəsələr məsələsinə də toxunub: “Bəzən ictimaiyyət vərəsələrin kimlər olduğunu başa düşmür. Elə bilirlər ki, ölən şəxsin ailə üzvləri – həyat yoldaşı, övladları və sair avtomatik olaraq onun vərəsəsidirlər. Əslində vərəsə ölən şəxsin əmlakını qəbul edən şəxsdir. Tutaq ki, ölən şəxsin əmlakı, avtomobili, bankda vəsaiti qalıb. Bu zaman vəfat edənin övladı və yaxud həyat yoldaşı gedib mirası qəbul edir. Bu halda vərəsəlik hüququ yaranır.
Ola da bilər ki, vəfat edən şəxsin yaxınları mirası qəbul etmir. Bu halda o şəxslər vərəsə hesab olunmur. Əgər ölən şəxsin borcu varsa, vərəsə qəbul etdiyi mirasın dəyəri həddində o borcu ödəməlidir. Tutaq ki, vəfat edən şəxsin banka 50 min manat borcu qalıb. Ondan qalan evin qiyməti isə 100 min manatdır. Bu zaman vərəsə bu borcun 50 min manatını da ödəməlidir. Necə ola bilər, vəfat edənin əmlakını qəbul edəsən, amma borcunu yox?!
Əksi də ola bilər. Tutaq ki, ölən şəxsin borcu 100 min manat, evinin qiyməti isə 50 min manatdır. Bu halda vərəsə qəbul etdiyi mirasın hamısını verməlidir. Qalan 50 min manat borc isə ödənilmir, batır.
Bu ümumi qaydalar qanunvericilikdə onsuz da olub. Təəssüf ki, Konstitusiya Məhkəməsinin şərhini insanların çoxu düzgün başa düşmədi. Məhkəməsinin şərhi ona görə yaranmışdı ki, bank ipoteka qoyan şəxsi ipoteka qoyduğuna görə məhkəməyə verə bilərmi sualı yaranmışdı. Konstitusiya Məhkəməsi də deyir ki, əgər vərəsəsi varsa, avtomatik çevrilib borclu olur. Vəfat edən şəxsin mirasını qəbul edən şəxs onun borcuna görə qəbul etdiyi əmlak həddində borcludur. Konstitusiya Məhkəməsi bu halda bankın vərəsəni məhkəməyə verməli olduğunu deyir.
Təbii ki, əmlakı qəbul edilməyən şəxs öləndən sonra borcunu heç kim ödəmir.
Xüsusilə qeyd edim ki, vərəsə ailə üzvü demək deyil. Vəfat edənin əmlakını qəbul edən şəxs vərəsə hesab olunur. Burada da birinci növbədə vərəsələr həyat yoldaşı, valideynləri və övladları götürlür. Əgər bu şəxslər mirası qəbul etmirsə və yaxud onlar yoxdursa, bu zaman vəfat edən şəxsin vərəsəsi qardaşı, bacısı olur. Əgər qardaş-bacısı da qəbul etmirsə, estafet əmioğlu, bibioğlu kimi şəxslərə keçir. Əgər heç kəs qəbul etmirsə, əmlak dövlətə keçir”.
İpoteka girovunda sığorta varmı?
Əkrəm Həsənov təəssüflə qeyd edir ki, cəmiyyətdə ipoteka krediti ilə ipoteka girovu məsələsi qarışdırılır: “Tutaq ki, şəxs gedib bankdan ipoteka krediti götürüb ev alır və həmin evi də girov qoyur. İpoteka və Kredit Zəmanət Fondu krediti verəndə krediti götürən şəxsin həyatının sığortalanmasını mütləq qaydada tələb edir. Bu halda həyatı sığortasını edən sığorta şirkəti kredit götürənin əmlakına dəymədən həmin borcu banka ödəməlidir.
Amma Azərbaycanda kreditlərin 99 faizində borcgötürənin həyat sığortası yoxdur. Kim evini girov qoyanda və yaxud da kredit götürəndə gedib öz həyatını sığortaladır?! Heç kim.
İpoteka krediti ilə ipoteka girovunu fərqləndirmək lazımdır. İpoteka sadəcə daşınmaz əmlakın girovudur. Burada da o kreditin hansı təyinatla götürldüyünün fərqi yoxdur. Yəni kreditin biznes, turizm, xəstəlik və ya təhsil haqqı üçün götürülməsi əhəmiyyət daşımır. Kimsə evini girov qoyursa, bu, ipoteka olur”.