25 Avqust 2023 13:38
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dollara tələb artmaqda davam edir. Bu həftə təşkil edilən 2 hərracda son dövrlərin rekord dollar satışı qeydə alınıb - 121 milyon 230 min dollarlıq tələb. Son 3 hərrac üzrə tələb artan dinamika üzrə dəyişib. Əgər avqustun 17-də 41,3 milyon dollar alınmışdısa, avqustun 22-də tələb 59,9 milyon, dünən isə 61,33 milyon dollar olub”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklərlə bağlıdır: “Mövsümi faktorlarla bağlı olaraq idxal məhsullarına tələb artır və bu da dollar alışını çoxaldır. Bu baxımdan, dollar tələbin artması daha çox korporativ faktorlarla bağlıdır. Bununla yanaşı, mövsümi artımlar da valyuta bazarındakı tarazlığı qorumaq üçün intervensiya cəhdlərini gücləndirir”.

Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəlincə, iqtisadçı bildirib ki, daha çox enerji gəlirlərinin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir: “Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir”.


Müəllif: Yeganə Oqtayqızı