26 Sentyabr 2023 18:27
15 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizinin həyata keçirilməsi bütün türk dünyasını birləşdirəcək. Layihənin ən qısa zamanda başa çatdırmaq üçün işlərimizi sürətləndirdik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir ötən gün Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana bir günlük işgüzar səfər etdiklərini xatırladıb: “İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak etdik və ikitərəfli görüşlər keçirdik. Danışıqlar çərçivəsində əsas məsələlərdən biri də Zəngəzur dəhlizi olub. Bu dəhliz təkcə Naxçıvan-Bakı marşrutu baxımından deyil, həm 160 milyonluq gənc və dinamik əhalisi, həm də 1 trilyon dolları keçən iqtisadi həcmi ilə bütün türk dövlətlərini əhatə edən mühüm layihədir.

Zəngəzur dəhlizinin reallaşması Qafqazda normallaşmaya töhfə verəcək. Dünənki görüşlərdən sonra bu xətti tez bir zamanda başa çatdırmaq üçün işimizi sürətləndirdik. Zəngəzur dəhlizi gələcəkdə Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq. Dəhlizin fəaliyyətə başlaması ilə orta dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək. Orta dəhlizin effektivliyinin artması ilə həm Azərbaycanda, həm də Xəzər dənizində inkişaf etmək mümkün olacaq və ölkəmizin regionda strateji mövqeyinin əhəmiyyəti artacaq”.

Abdülkadir Uraloğlu dünən Qars-Naxçıvan dəmir yolu layihəsini imzaladıqlarını da deyib. Nazir ölkəsinin dəmiryollarına son 20 ildə təxminən 880 milyard lirə sərmayə qoyduğunu da vurğulayıb: “Beləliklə, dəmir yollarımız üzərindəki ölü torpağı atdı. Tarixi İpək Yolunu canlandırmaq məqsədi daşıyan Bakı-Tbilisi-Qars Dəmir Yolu xəttini çəkdik. Bu layihə ilə biz Asiya və Avropa qitələri arasında fasiləsiz dəmir yolu nəqliyyatını təmin edən Marmaray ilə Londondan Pekinə qədər ən təhlükəsiz, ən qısa və ən qənaətli beynəlxalq dəmir yolu dəhlizini yaratdıq.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək təqribən 1 milyon 500 min ton yük daşınıb. Orta dəhliz xətti ilə Marmaray və Bakı-Tbilisi-Qars dəmir yolu xətti dünyanı kiçikləşdirsə də, ölkəmiz tranzit dəmir yolu daşımalarında mərkəzə çevrilib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər