19 Yanvar 12:18
7 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK ölkələri neft istehsalını azaltsalar da, bu, “qara qızıl”ın qiymətlərinin artımına təsir etməyib. “Bloomberg” agentliyi buna səbəb kimi ABŞ-nin neft istehsalını artırmasını göstərib. Səudiyyə Ərəbistanı satdığı neftin qiymətini azaldıb. Bu, rəqabət mühitində Səudiyyə Ərəbistanı neftinə olan tələbatı artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri İranın Çinə satdığı neftin həcmini azalmasına da diqqət çəkiblər:

“İran öz neftini Çinə daha ucuz qiymətə satmaq istəmir. “Reuters” agentliyinin məlumatına görə, İran öz neftinin qiymətini artırmağa çalışır. İran ötən ilin dekabrında dəniz yolu ilə Çinə gündəlik 1.23 milyon barel nəql edib. Halbuki noyabrda bu rəqəm 1.52 milyon barrel idi.

Çin neftə olan tələbatının 10 fazini İrandan əldə edir. Tehranın bu ölkəyə neft nəqlini azaltması Çinin neftayırma zavodlarının gəlirlərini azaldacaq və yanacağın qiymətini artıracaq. İranın Çinə nəql etdiyi neftin 90 faizi bu ölkənin özəl neftayrıma zavodlarında istifadə edilir. Çinin dövlətə aid neftayrıma zavodları isə ABŞ sanksiyalarından ehtiyatlanaraq, Tehranla enerji sahəsində əməkdaşlığa risk etmirlər.

İran öz neftinin qiymətini artırmağa çalışmaqla Rusiyanın Çinə satdığı “qara qızıl”ın qiyməti ilə bərabərləşdirmək istəyir. Tehranın məntiqi belədir ki, Çin Rusiyadan nefti hansı qiymətə alırsa, İrandan da oxşar qiymətə almalıdır. Rusiya istehsal etdiyi neftin təxminən 50 faizini Çinə satır, 40 faizi isə Hindistana nəql olunur”.

“Atlas”ın ekspertlərinin fikrincə, 2024-cü ildə neft ixrac edən ölkələr arasında rəqabət artacaq:

“Neft ixrac edən ölkələr istehsalın həcmini razılaşdırmağa çalışsalar da, buna 2024-cü ildə riayət etmək çətin olacaq. Məsələn, həm Rusiya, həm də İran Qərbin sərt sanksiyalarına məruz qalır, ona görə də hər iki dövlət daha çox neft satmağa çalışır ki, iqtisadi itkilərini bu yolla kompensasiya edə bilsinlər.

Səudiyyə Ərəbistanı Rusiya və İrandan fərqli olaraq neftini istənilən istqamətdə rahat şəkildə sata bilir. “Saudi Aramco” dövlət şirkəti köhnə alıcılarına neft satmaqla yanaşı, yeni müştərilər də cəlb etməyə çalışır. Səudiyyə Avropanın ən böyük neft təchizatçısına çevrilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər