23 Yanvar 2015 15:41
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi başa çatdırılacaq, Zığ gölü təmizlənəcək.

Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası keçirilib.

Kollegiyanın sədri Şahin Mustafayev 2014-cü ildə qazanılmış sosial-iqtisadi nailiyyətlər barədə məlumat verərək ötən il ümumi daxili məhsulun real artım tempinin 2,8 faiz təşkil etdiyini, bunun da qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunduğunu vurğulayıb.

2014-cü ilin “Sənaye ili” elan edilməsinin ölkəmizdə bu sahəyə verilən böyük önəmin göstəricisi olduğunu qeyd edən və sənayenin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verən Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən texnoparkların yaradılması, müasir texnologiyaların tətbiqi, texnoparklara və aqroparklara xarici investisiyalarıın cəlb olunması, yeni sənaye istehsallarının, sənaye məhəllələrinin yaradılması, metallurgiya kompleksinin tikintisi, hər bir sahədə təbii imkanlardan və resurslardan maksimum istifadə etməklə hazır məhsulun istehsal edilməsi, gəmiqayırma zavodunda kooperasiya işlərinin aparılması istiqamətində tapşırıqlar verildiyini vurğulayıb.

Dövlət başçısının Sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunduğunu diqqətə çatdıran Şahin Mustafayev qarşıdakı dövrdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən olacağını qeyd edib: “Dövlət başçısı çıxışında sahibkarlara dövlət dəstəyi tədbirlərinin davam etdirilməsini, güzəştli şərtlərlə kreditlərin verilməsini vəzifə olaraq qarşıya qoyub, sahibkarlara öz vəsaitlərindən istifadə etməklə real sektora sərmayə yatırmalarını tövsiyə edib.Həmçinin, sosial layihələrin və bütün sosial proqramların tam şəkildə icrası, ünvanlı sosial yardım, məktəb, xəstəxana və kənd yollarının tikintisinin davam etdirilməsi, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması və evlərin tikilməsi, içməli su ilə bağlı olan layihələrin icrası, bu il ən azı 300 artezian quyusunun qazılması və azı 50 kənddə modul tipli təmizləyici qurğuların quraşdırılması, qazlaşdırma, elektrik xətlərinin təmiri və çəkilişinə dair bir sıra vəzifələr müəyyənləşdirilib. Qarşıdakı dövrdə ekoloji məsələlər də prioritet istiqamətlərdən biri olaraq qalacaq. Bu ilin yayına qədər Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi başa çatdırılacaq, Zığ gölü bu il ərzində təmizlənəcək”.

Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

İclasda həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid bir sıra normativ-hüquqi aktlar və 2015-ci il üçün kollegiyanın iş planı müzakirə olunaraq təsdiq edilib.

Kollegiyanın iclasının sonunda ölə başçısnın sərəncamları ilə təltif olunmuş nazirliyin bir qrup əməkdaşına medallar, fəxri adların döş nişanları və onların vəsiqələri təqdim olunub.

Naibə QURBANOVA


Müəllif: