1 Fevral 12:05
3 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin BOTAŞ neft-qaz şirkəti və Türkmənistan dövlət korporasiyası “Türkmənqaz”ın nümayəndələri Avropaya ixrac üçün nəzərdə tutulan Türkmənistandan Türkiyəyə qaz nəqlini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, görüş BOTAŞ-ın Ankaradakı ofisində baş tutub.

“Sabah” qəzeti yazır ki, Aşqabadla bu sahədə əməkdaşlıq Türkiyənin regional qaz ticarət mərkəzinə çevrilmək üzrə strateji planının tərkib hissələrindən biridir. Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılacağı, bir hissəsinin Avropaya ixrac ediləcəyi bildirilir. İki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafına dair memorandum 2022-ci ilin dekabrında imzalanıb.

BOTAŞ rəhbərliyi əmin edib ki, bu planın həyata keçirilməsi üçün Türkmənistana istənilən dəstəyi verməyə hazırdır. Tərəflər arasında müzakirə edilən planın birinci mərhələsi türkmən qazının Türkiyəyə çatdırılması və qısa müddətdə Avropaya ixracını nəzətdə tutur.

“Sabah” qeyd edir ki, Türkiyə böyük qaz ixrac mərkəzinə çevrilmək planı çərçivəsində Rusiya, Azərbaycan, Türkmənistan və digər ölkələrdən qaz almağı planlaşdırır.

Ankaradakı müzakirə Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədov arasında 2022-ci il dekabrın 14-də imzalanmış “Enerji sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu” çərçivəsində baş tutub.


Müəllif: Mənsur Rəğbətoğlu