14 İyul 2015 01:41
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cari ilin I yarısında dövlət büdcəsinin gəlirləri üzrə proqnoz göstəriciləri müsbət hesab etmək olar”.

Bunu maliyyə naziri Samir Şərifov bu gün Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Nazir bildirib ki, hesabat dövründə dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2% yerinə yetirilib. Bununla da, dövlət büdcəsinə 7 mlrd. 807 mln. vəsait daxil olub.


"Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırmış transfert nəzərə alınmadan, digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 4 milyard 246 milyon manat və yaxud proqnoza qarşı 29 milyon manat çox icra olunmuşdur. Təsdiq olunmuş proqnozu Vergilər Nazirliyi 100,2% yerinə yetirmişdir və büdcəyə 3 milyard 329 milyon manat vəsaitin daxil olması təmin edilmişdir. Həmin vəsaitin 68,3%-i və ya 2 milyard 275 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4% çoxdur. Proqnoza 100,3% əməl edən Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 765 milyon manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,4% çoxdur. Sair daxilolmalar üzrə büdcəyə 152 milyon manat vəsait daxil olmuşdur", - deyə S. Şərifov qeyd edib.


Nazir əlavə edib ki, hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 3,562 mlrd. manat təşkil edib.

S. Şərifov qeyd edib ki, dövlət büdcəsinin gəlir və xərcləri arasında yaranmış fərq 2014-cü ilin dövlət büdcəsinin icrası zamanı yaranan profisit hesabına aradan qaldırılıb: "Bu məqsədlə 771 milyon manat xərclənib".

Nazirin sözlərinə görə, hesabat dövründə dövlət büdcəsinin xərcləri 8,578 mlrd. manat təşkil edib və yaxud proqnoza nisbətən 85% səviyyəsində icra olunub: “Sosialyönümlü tədbirlərin həyata keçirilməsi üçün həmin məqsədlərə dövlət xərclərinin 23,6%-i və yaxud 2 milyard 25 milyon manat yönəlmişdir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin 6 ayında icmal və dövlət büdcələrindən üst-üstə 201 milyon manat, dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən isə 90 milyon manat vəsait ayrılmışdır. Müdafiə xərclərinin maliyyələşdirilməsi üçün hesabat dövründə əvvəlki illə müqayisədə 4,6% çox vəsait xərclənib”.


Müəllif: